8 Noyabr 2022 11:26
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəfər Günü ilə əlaqədar bu gün səhər saatlarından insanlar II Şəhidlər xiyabanını ziyarət edir.

Teleqraf.com xəbər verir ki, onlar şəhidlərin məzarına gül qoyur, dua oxuyur, onların əziz xatirəsini yad edirlər.

Xatırladaq ki, 2020-ci ildə 44 gün davam edən müharibədə 2 906 nəfər torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb.

Oğlunun məzarını ziyarət edən şəhid həkim Feyruz Hacılının anası Həbibə Hacıyeva bildirib ki, övladı cəsarəti ilə həmişə həmyaşıdları arasında fərqlənib: "Sentyabrın 30-u Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən çağırış gəldi və oğlum orduya yollandı. Füzuli və Hadrut istiqamətində gedən qızğın döyüşlərdə iştirak edib. Həkim idi, oktyabrın 14-də ayağının şah damarından qəlpə yarası alıb, Füzuli istiqamətində vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhid baş leytenant Kamran Kazımovun atası Qurbanəli Kazımov oğlunun hərbçi ailəsində böyüdüyünü deyib: "Vətənpərvər ruhda tərbiyə olunmuşdu, orta təhsilini başa vurduqdan sonra əsgərliyə yollanmış, xidmətini başa vurduqdan sonra öz istəyi ilə xidməti davam etdirdi, hərbçi oldu. Vətən müharibəsinin ilk günlərindən sentyabrın 30-dək XTQ-nin tərkibində Murovdağ, Kəlbəcər istiqamətində döyüşdə, sentyabrın 30-dan isə Beyləqan, Füzuli və Cəbrayıl istiqamətlərində olan döyüşlərdə iştirak edib. Oğlum oktyabrın 5-dəə Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Xocavənd, Cəbrayıl, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən II Qarabağ müharibəsi qazisi İlkin Əliyev bu şərəfli yolda pay olduğu üçün fəxr hissi keçirdiyini söyləyib: "Şəhid analarının əllərindən öpürəm, onlara Allahdan səbr arzulayıram".

Şəhid baş leytenant Kənan Süleymanlının nənəsi nəvəsinin Xocavənd və Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib: "Dövlətinə layiq, uşaq vaxtlarından vətənsevər bir övlad idi. Döyüşlərdə 12 əsgəri ilə birlikdə şəhid olub. Şəhid xəbərindən bir müddət sonra atası onun itkisinə dözmədi. Allah bütün şəhidlərimizə rəhmət etsin, bu oğulların hamısı vətənin bölünməzliyi uğrunda şücaət göstərib, ruhları şad olsun".


Müəllif: Foto: Elmin Zahidzadə, Fəqan Teymuroğlu

Oxşar xəbərlər