18 Yanvar 2023 13:02
2 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb Türkiyənin timsalında Cənubi Qafqazda yeni söz sahibi aktoru taclandırmağa hazırlaşır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Ara Saakyan deyib.

Vitse-spikerin Avropa Birliyinin Ermənistana iki müddətinə yeni müşahidə missiyası göndərmək niyyətində olması barədə yayılan məlumata münasibəti belə olub:

“Tarixən Qafqaz “rus ayısının qarnı”, yəni ən zəif qorunan yer sayılır. İndi Avropa Birliyinin müşahidəçiləri burada (Ermənistan-Azərbaycan sərhədində) toplaşırlar, şübhəsiz ki, xüsusi xidmət əməkdaşları olacaqlar. Onların üzərinə informasiya toplamaq və emal etmək, ictimai rəyə təsir etmək, Avropanın müdaxiləsi üçün müsbət gözləntilər yaratmaq və Rusiya ilə Ermənistan arasındakı mövcud və əsaslı narazılığı dərinləşdirmək, Qərbə keçidi təmin etmək, müttəfiqlik əlaqələrimizi kəsmək missiyası qoyulacaq.

Amma heç bir qərb ölkəsi bizim bölgəmizə böyük qonşumuz Türkiyə qədər yaxın deyil. Türkiyənin timsalında bölgədə yeni qərarverici və aktoru taclandırmağa hazırlaşırlar”.

Saakyan Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışdığını iddia edib. Onun sözlərinə görə, güclənən Qərb-Rusiya qarşıdurması bölgədə təlatümə yol açacaq:

“Böyük təlatümlər olacaq. Heç bir köklü dəyişiklik sarsıntılar olmadan baş vermir və bu dəyişiklik bir gündə və ya bir ayda baş verməyəcək. Qeyri-insani nəticələri olan bir keçid dövrü olacaq”.

Saakyan rusların yenidən güclü formada Cənubi Qafqaza qayıtmaq istəyəcəklərini iddia edib. Onun fikrincə, belə bir cəhd bölgədə qarışıqlığa səbəb olacaq. Bununla belə, Cənubi Qafqazın keçid dövründə olduğunu və prosesin çətin də olsa, tamamlanacağını deyib.

Qarabağ məsələsinə gəldikdə, Saakyan artıq Ermənistan rəhbərliyinin bu məsələni öz gündəliyindən çıxardığını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu