30 Yanvar 2023 13:22
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını media eksperti Azər Həsrət cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azər müəllim, Azərbaycan mətbuatının hazırki vəziyyətini necə qiymətləndirərsiniz?

- Bu mənzərəni izah etmək çox əhatəli cavab istəyir. Qısa və konkret cavab vermək çox çətindir. Ümumi dəyərləndirmə aparsaq, birinci dövlətin media siyasətindən başlamalıyıq. Bu istiqamətdə dövlət nə edir, hansı şəraiti yaradıb, ümumiyyətlə, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi üçün imkanlar varmı? Bu suallara birmənalı cavab veririk ki, bəli, dövlət üzərinə düşəni edib.

Qanunvericilik bazamız, eləcə də bəzən tənqid edəcəyimiz yönləri olsa da, beynəlxalq standartlara uyğun qanunlarımız var.

Ümumiyyətlə, dövlətin yanaşması belədir ki, jurnalist, media müstəqil olmalıdır. Hətta media haqqında yeni qanun qəbul ediləndən sonra bir çox dövlət qurumlarının media qurma hüququ əlindən alındı. Halbuki o vaxta qədər bütün rayon icra hakimiyyətlərinin az qala qəzetləri var idi. Bu cür media orqanları qeyri-effektiv olduğu üçün dövlət siyasətini dəyişdi. Artıq yerli hakimiyyətlərin və dövlət qurumlarının mediası olan deyil.

Ümumi baxanda ölkəmizdə media plüralizmi var. Fikir ayrılıqları həddən artıq çoxdur. Jurnalistika sahəsində özünü istənilən formada ifadə etmək istəyən insanlara meydan var.

Bununla yanaşı, mediada olan bir çox insan azadlıqla məsuliyyətin sərhədini müəyyənləşdirə bilmir. Ona görə də azadlıqlardan sui-istifadə həddən artıq çoxdur. Belə olanda da təbii ki, dövlət işə qarışmağa məcbur olur. Ümumi mənzərə belədir: dövlət-media siyasəti yetərincə çağdaş tələblərə cavab verir. Media camesinin, vətəndaşların azad fəaliyyət imkanları yetərincədir, istəklər də yüksəkdir. Bunlarla bərabər, ən ciddi problemimiz sayılan mediada məsuliyyətsizlik həddən artıq çoxdur.

- Nəyi nəzərdə tutursunuz?

- Əvvəllər meydanda televiziya və radio kanallarımız, həmçinin ənənəvi qəzetlərimiz var idi. Biz bir televiziya və bir radio kanalının olduğu dövrdə yaşamışıq. Yəni alternativlər yox idi, televiziya olaraq ya Moskva kanalına baxırdın, ya da Bakı. Qəzetlərdə alternativ görüntüsü kimi bir şey vardı, amma bu da alternativ deyildi. Hamısı dövlət qəzetləri idi, müstəqil, azad mətbuat yox idi. Ona görə də orada keyfiyyət məsələləri üzərində əsirdilər.

Əgər televiziya və ya radio aparıcılarının ciddi nitq nöqsanları olardısa və ya yanlış söz deyərdisə, ona ən yaxşı halda rəsmi şəkildə töhmət verirdilər. Yaxud qəzetdə bir hərf səhvi getmiş olsaydı, ya müəllifə, ya korrektora, ya da redaktora töhmət verilirdi. İndi günümüzdə belə şey yoxdur.

Artıq qəzetlər tarixə çevrilib. Necə ki, min illər öncə gil lövhələrin, taxta, dəri, qaya və ya papirusların üzərində yazıblar, indi artıq onlara ehtiyac yoxdur. Kağız informasiyanı ötürmək üçün bir vasitədir. Artıq kağız əsri də keçib, mobil telefonlarla hər yerdən məlumat ala bilirik.

Bu tendensiya demək olar ki, bütün dünyada gedir. Bəzən deyirlər ki, Yaponiyada 10 milyon tirajla qəzetlər çap olunur. ABŞ-ın 320 milyon əhalisi var, amma “Nyu-York Times” qəzeti əvvəlki illərdə olduğu kimi milyon tirajla deyil, bəlli bir nəsil üçün çap olunur. Yeni gələn nəsil əlinə qəzet almır, hətta kitab da oxumur, daha çox elektron daşıyıcılara üstünlük verilir.

İnternet saytlarının əlində qalmışıq. Burada da operativlik yarışır gedir. Baş verən hadisəni hamıdan tez çatdırmaq istəyi... Çünki bir neçə saniyə geciksə, onun xəbərinin oxunma şansı həddən artıq aşağı düşür. İstənilən sahəyə aid baş verən xəbəri birinci kim verirsə, oxucunu və ya izləyicini arxasınca o aparır. Operativlik arxasınca qaçaqaçda keyfiyyət arxa plana keçir. Çox vaxt jurnalistlər məlumatı telefonla yazıb redaksiyaya ötürürlər. Telefonda yazını tam olaraq emal etmək olmur, işləmək imkanları geniş deyil. Bu zaman keyfiyyətdə güzəştə getməli olur. Bu problem nəticəsində istehlakçı keyfiyyəti aşağı, amma operativ xəbər alır. Bu da onların zövqünü korlayır.

İnformasiya və media məsələlərində keyfiyyətə önəm verilməsi üçün məcburuq operativlikdən güzəştə gedək. Bu zaman da oxucumuz, tamaşaçımız azalır ki, bu da son nəticədə reklamların azalmasına gətirib çıxarır. Reklam verənlər də saytın nə qədər oxucusu olduğuna baxıb seçim edir. Təxminən 500 oxucusu olan sayta kim reklam verər?!

Keyfiyyət problemi yaranıb, bu da nəticə etibarilə jurnalistikanın, ümumilikdə medianın şkalasının aşağı düşməsinə səbəb olur.

- Belə təəssürat yaranıb ki, sanki media mühüm milli məsələlərdən yayınır, şou və kriminal xəbərlərə üstünlük verir. Bu durumu necə dəyişmək olar?

- Əslində, bu, bəhanədir. Bəzən həmkarlardan nəyə görə şou və ya kriminal xəbərləri çox verdiklərini soruşanda deyirlər ki, tamaşaçı tələbatıdır.

Nümunə üçün iki misal çəkim. Hansısa dağın başında bir Məmmədhəsən həyat yoldaşını öldürür, bu xəbər saytda 10 min nəfər oxuyur. Amma bu günlərdə Avropa Parlamentində Azərbaycanla bağlı qərəzli bir qətnamə qəbul etdi. Bu barədə çox ciddi bir araşdırma qoydum ortaya. Bu yazını min nəfər oxusa, sevinərəm.

Düşünmürəm ki, tamaşaçı və ya oxucu cinayət xəbərlərinin çox olmasında maraqlıdır. Bu, biz jurnalistlərin istehlakçıları necə tərbiyə etməyimizdən asılıdır. Biz onlara kriminal, şou xəbərləri hay-küylə təqdim etmişik. Hətta deyərdim ki, kriminal xəbərlər ümumiyyətlə, verilməməlidir. İstisna hallarda ola bilər. Məsələn, bəzən gömrük orqanlarının İrandan Azərbaycana 100-800 kiloqram narkotik maddə keçirməyə cəhdin qarşısını alması barədə xəbərlər yayılır. Bunu vermək olar. Amma hansısa polis bölməsinin əməkdaşlarının küçədə bir nəfəri saxlayıb üzərindən 2 qram narkotik aşkarlanması kimi xəbəri vermək lazım deyil. Bu cür xəbərlər adiləşməməlidir. Çünki oxucuda alışqanlıq yaradır, həmin vərdişlərə meyllənməyə səbəb ola bilər.

Ciddi xəbərləri və araşdırmaları keyfiyyətli şəkildə təqdim edəndə oxunur. Təbii ki, müqayisə edəndə kontingentin şou xəbər oxuyanlar qədər çox olmadığını görürük.

- “Ən çox oxunan” yanaşmasını doğru hesab edirsiniz?

- Burada nizənin iki başı var. Tutaq ki, sayt rəhbəri ayın sonuna doğru elə bir gəlir əldə etməlidir ki, əməkdaşlarının maaşını ödəyə bilsin. Mənim kimi ciddi xəbərçilik üzərində otursa, gəlir gətirməyəcək. Çünki ciddi xəbərlərlə məşğul olan sayta heç kim reklam vermir.

Hansısa saytda şou xəbərlər bir gündə minlərlə, ciddi xəbərləri isə 30 nəfər oxunur. Bu o deməkdir ki, pul yoxdur, sayt rentabelli deyil. Nəticədə ciddi sayt böyük kollektiv saxlaya bilmir. Ona görə də bu işin sahibi hər iki tərəfi fikirləşir.

Şou yazılarına üstünlük verən həmkarlarımız kefdən oraya getməyiblər. Bir misal çəkim. 90-cı illərin sonuna doğru “Yeni Müsavat” qəzeti böhran yaşayırdı, satışla bağlı ciddi problemlər var idi, pul qazana bilmirdilər. O zaman Rauf Arifoğlu qəzeti əlavə bir nüsxə ilə buraxmağa başladı. Həmin dövrdə “krossvord bumu” yaşanırdı, gündəlik 30 min, hətta 50 min nüsxəli krossvord qəzetlər satılırdı.

Rauf Arifoğlu rəhbəri olduğu siyasi-ictimai qəzetə əlavə buraxmağa başlamaqla çıxış yolunu tapdı. Həmin nüsxənin bir tərəfində Müsavat başqanı İsa Qəmbərin şəkili olurdu, digər tərəfində isə yarıçılpaq bir şou nümayəndəsinin. O vaxtı bu addımı qınayanlar da oldu. Keyfiyyətdən güzəştə getsə də, bu, qəzet üçün çıxış yolu oldu. Təbii ki, bu, bir avropalı üçün o qədər də təəccüb doğurmazdı. Çünki bu, o cəmiyyət üçün uyğundur və qeyri-adi bir şey deyil.

Xəbər başlıqlarında da keyfiyyətdə güzəştə gedilir. Məsələn, bəzən başlıqlarda “şok”, “dəhşət” kimi ifadələrə rast gəlirik.

Bu gün “həlak olmaq”, “vəfat etmək”, “dünyasını dəyişmək” kimi ifadələri yerində işlətməyən "n" sayda jurnalist var. Avtomobil qəzasında həlak olana vəfat etdi yazırlar. Bu, bədii ədəbiyyat oxumamaqdan, mütaliənin az olmasından irəli gəlir. Bədii ədəbiyyat oxumaq insanın həm nitqini, həm yazısını cilalayır, həm də özünüifadəni yüksəldir.

- Bəs xarici mediada, Avropa, Türkiyə, Rusiya mediasında da belə problemlər varmı?

- Arzu etməzdim ki, Azərbaycan mediası tam Türkiyə mediasına bənzəsin. Amma o elementlər bizdə də zəngindir. Türkiyə mediası elə ilk səhifədən “ŞOK!” sözü ilə başlayır. Bu, xəbərçilik deyil, nisbətən aşağı səviyyəli tələbatçıya hesablanmış jurnalistikadır.

Keyfiyyət “Nyu-York Times”dır, “Vaşinqton Post”dur. Avropada buna bənzər ciddi nəşrlər çoxdur. Daha çox ağ-qara tonlarda olan sayta baxanda qeyri-adi heç nə nəzərə çarpmır. Köşklərdən də istər-istəməz bu qəzeti alıb oxumaq istəyirsən. Bu nəşrlərin yanında yarıçılpaq qadınlar, al-əlvan, hay-küylü, cəlbedici və diqqətçəkən materiallar satılan nəşrlər də az deyil. Amma bunların arasından keyfiyyətə üstünlük verirsən. Türkiyədə bu tərtibata uyğun nisbətən “Cümhuriyyət” qəzeti var.

Jurnalist özü oxucu, tamaşaçı və ya dinləyici kontingentinin səviyyəsini yüksəltməlidir. Bu mənada İTV-də, AzTV-də yaxşılığa doğru ciddi dəyişikliklər var. Əvvəllər şikayətlənirdik ki, tamaşaçı daha çox nisbətən aşağı təbəqəyə hesablanmış verilişlərə baxır. Amma indi görürük ki, İTV-də, AzTV-də ciddi ictimai-siyasi verilişlərə baxanlar çoxalır. Hətta şouya üstünlük verən kanallarda da kontingent yavaş-yavaş yerini dəyişir. Deməli, tərbiyə edə bilərik.

- Medianın reklam bazarının inkişafı üçün çıxış yolu nədir?

- Televiziya reklamları saytlarla müqayisə olunmaz dərəcədə çox bahadır. Bütün dünyada tamaşaçı səviyyəsindən asılı olmayaraq ən populyar verilişlərin reklamları bahalı olur. İstehsalçı satılan məhsul və ya xidməti daha böyük auditoriyaya təqdim etmək istəyər. Yerli saytların oxucu sayında gündəlik ciddi artım müşahidə edirik, amma bu, çox da böyük deyil.

2001-ci ildə Hindistanın ingilis dilində nəşr olunan “Hindustan Times” qəzetinin redaksiyasında olmuşdum. Mənə bildirdilər ki, qəzetin saytında gündəlik 1 milyon, aylıq isə 20 milyon izləyicisi var. Saytın üzərində gündəlik 20 nəfər işçi çalışır.

O dövrdə dünyada internet o qədər populyar deyildi. Heç indi Azərbaycanda gündəlik izləyicisi 1 milyon olan onlayn media yoxdur. Yəni oxucu auditoriyası çox olan saytlar televiziya ilə rəqabət apara bilər.

- Sizcə, bu sahədə tənzimlənmə olmalıdırmı?

- Azad bazar iqtisadiyyatıdır, liberallaşmada süni müdaxilələr arzuedilməzdir. Nəticə etibarilə süni müdaxilə təbii tənzimlənməni küncə sıxışdıracaq. Bu isə mal, məhsul, xidmət, təklif və tələb proporsiyasına mənfi təsir göstərəcək. Tutaq ki, dövlət müdaxilə edir “A”, “B”, “C” saytları bərabər şəkildə reklam alır. “A” saytının gündəlik 100 min, digərlərinin isə 50 min, 20 min İP-si var. “A” saytı o qədər İP-ni əldə etmək üçün bəlkə də 150 nəfər çalışdırır, digəri isə 20 nəfərlə işini görür. Süni müdaxilə edəndə bərabərlik, ədalət prinsipləri pozulur.

Dövlət kənara çəkilsə, iş adamlarına, siyasi mövzulara sərbəstlik verilsə, xüsusən də fərqli siyasi mövqeləri olan adamların debatları rahat şəkildə keçirilsə, kimin haqlı olaraq önə çıxdığını görmək olar. Bu zaman keyfiyyət yarışması gedəcək. Nəticədə şou verilişləri arxa plana keçəcək, əhalinin intellektual səviyyəsi yüksələcək.

Dövlət müəyyən mərhələdə reklama müdaxilə edə bilər. Türkiyənin Təxmini Media və Reklam İnvestisiyaları kimi bir qurumunu müvəqqəti olaraq Azərbaycanda da yaratmaq olar. Amma əbədi olaraq dövlətin bu işin içində olması azad bazar qanunlarına ziddir.

- Media konsepsiyası, strategiyası niyə yoxdur? Hazırlanırmı?

- Ötən il yenilənmə getdi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ləğv edilərək yerinə Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. İlk iş olaraq media haqqında əhatəli qanun qəbul edildi. Qanun müzakirə edilərkən də, qəbul olunandan sonra da müəyyən tənqidlər səsləndi. Bu da təbiidir, zamanla o qanun təkmilləşməli olacaq.

Ümumi dövlət strategiyası medianı dövlətsizləşdirməkdən ibarətdir. Yəni artıq dövlət medianı tam olaraq müstəqil buraxıb və bu bazarda iştirakçı deyil. Bu o deməkdir ki, müstəqil media bazarının iştirakçıları rəqabət apara bilməyəcəkləri dövləti qarşılarında görməyəcəklər.

Dövlət qurumlarının mediasına büdcədən pul ayrılır, ofislə, avadanlıqla təmin edilir. Yəni onun pul qazanmaq kimi bir dərdi yoxdur. Müstəqil media isə pulu özü qazanmalıdır və o, dövlət qədər imkanlara sahib deyil. Bu zaman müstəqil media keyfiyyətdə uduzur. Çünki belə mediada çalışmaq istəyən jurnalistlərin keyfiyyəti və peşəkarlıq səviyyəsi də yüksək olmayacaq. Aydın məsələdir ki, dövlət mediasında mətbuat azadlığı, yüksək ideallar məhdudlaşır. Amma işçi fikirləşir ki, içərisində siyasət, çəkişmə yoxdur, nazirliyin fəaliyyətini işıqlandıracaq. Bu da jurnalistika olmur, protokol yazmaq kimi bir şeydir.

Yəqin ki, bir neçə ildən sonra büdcədən maliyyələşən AzTV, İdman və Mədəniyyət, eləcə də bir sıra radio kanallar da müstəqilləşəcək. Düşünürəm ki, dövlət onlardan da imtina edəcək. Dövlətin mediadan çəkilməsi medianın tam azad, sərbəst bir rəqabət ortamında olmasına gətirib çıxaracaq. Belə olan şəraitdə keyfiyyətli, dayanıqlı media önə çıxa biləcək.

Müstəqil internet saytları ilə rəqabət apara bilən dövlət nəzarətində olan saytlar yoxdur. Çünki burada müstəqillik, azadlıq, sərbəstlik var və insanlar özlərini istədikləri kimi ifadə edə bilirlər, amma dövlət saytları çərçivədən çıxa bilməz.

Dövlətin digər strategiyası medianın iqtisadi cəhətdən özünü təmin edə bilməsinin qayğısına qalır. Hələlik MEDİA saytlara, qəzetlərə pul ayırır, amma bu, əbədi deyil.

Avropa Parlamenti Azərbaycanla bağlı qərəzli bir qətnamə qəbul etdi. Əminəm ki, bütün saytlar bu qətnamənin əsassız, qərəzli olduğunu yazdı keçdi. Halbuki MEDİA-dan pul alan qurumlar bu qətnamə ilə bağlı gerçəyi üzə çıxarmağa borclu idi. Əgər dövlət əlavə pul ayırırsa, media da əlavə keyfiyyət ortaya qoymalıdır, səs gətirən fərqli şeylər təqdim etməlidir.

- Amma siz də bilirsiniz ki, MEDİA-nın maliyyə dəstəyi ilə hazırlanan yazıların konkret planı var. Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli bir qətnamə qəbul etməsi gözlənilmirdi. Sizin dediyiniz istiqamətlər üzrə materialları isə saytlar öz strategiyası əsasında hazırlayır...

- Bilirəm. Maliyyənin effektiv istifadəsi ayrılan vəsaitlərə əlavə nəfəslikdir. İllər öncə “Financial Times” nəşri Azərbaycan haqqında bir yazı hazırlamışdı. O vaxtı Bakıda fəaliyyət göstərən Azadlıq radiosunun Azərbaycan xidməti xeyrimizə olan bu yazını götürüb “İnvestorlar Azərbaycandansa, Afrikaya getməyi üstün tuturlar” başlığı ilə vermişdi. Bu məndə bir az şübhə doğurmuşdu. Yazının orijinalını tapıb oxuyanda gördüm ki, məqalə Azadlıq radiosunda yayımlanan mətnin tam əksidir.

Məqalədə həqiqətən qeyd olunurdu ki, investorlar Azərbaycana deyil, Afrikaya üz tuturlar. Vurğulanırdı ki, Azərbaycandakı investisiya imkanları yetərincə tanıdılmadığına görə investorlar Afrikaya üz tutur. Halbuki bu bir təşviqdir, investorları ölkəmizə gəlməyə həvəsləndirir. Amma Azadlıq radiosu mətni elə təqdim etmişdi ki, sanki Azərbaycandakı mühit yatırımçıları Afrikaya getməyə vadar edir.

Bu məqalənin orijinalından geniş bir yazı hazırladım. Bundan sonra Azadlıq radiosu dinləyicilərdən üzr istədi, saytlarında yerləşdirilmiş məqaləni götürüb dəyişdilər. Qeyd yerinə yazılmışdı ki, diqqətsizlik səbəbindən yazı səhv gedib, oxucularımızın diqqəti sayəsində biz bunu aşkarladıq. Adımı da çəkmədilər.

Bir sözlə, jurnalist daim axtarışda və şübhəçi olmalıdır. Yəni MEDİA-nın plan istiqaməti ayrı, amma gündəm mövzuları media üçün əlavə bir nəfəslikdir. Şəxsən mənə o təminat verilsə ki, bütün işlərini kənara qoy, bu cür işlərlə məşğul ol, inanın, hər gün ortaya bir araşdırma çıxararam.

Avropa Parlamentinin 705 deputatı haqqında bir yazı yazsanız, bu o deməkdir ki, iki il yarım işiniz var. Çünki Azərbaycan əleyhinə qətnamə irəli sürənləri axtarsaq bəlli olar ki, onların özləri korrupsionerdirlər, şübhəli mərkəzlərdən idarə olunurlar. Bunu aşkar etsək gör nələr olar?!

Əksər redaksiyalarda jurnalist siyasətdən də, iqtisadiyyatdan da, şoudan da, idmandan da yazır. Halbuki fərqli xəbər yazmaq üçün əməkdaşın o sahələr üzrə biliyi olmalıdır. İxtisaslaşma üçün pul xərclənməlidir. Bunu da redaksiyaların özünün xərcləməsi çətin məsələdir. Hesab etmirəm ki, MEDİA-nın ayırdığı vəsaitlər bu istiqamətlərdə verilməlidir.

- Media nümayəndələrinin iştirakı ilə Şuşada keçirilən konfransda MoJo – mobil jurnalistika barədə çıxış etdiniz. Mobil jurnalistikanı necə təsəvvür edirsiniz?

- Bu söhbəti Azərbaycan üçün gecikmiş sayıram. Çünki onlayn jurnalistika tam oturuşmamış Qərbdə mobil jurnalistika yayılmağa başladı. Redaksiya öz əməkdaşını tam təchizatla - yəni avtomobil, kompüter, telefon, internet, fotoaparat, yeməklə təmin edib hansısa bir əraziyə təhkim edir. Jurnalistin işi bu ərazidə bütün gün gəzməkdir və mümkün qədər özü üçün əlaqələr yaratmaqdır. Xəbər dəyəri olan bir hadisə baş verəndə jurnalist həmin yerdən materialı hazır edib redaksiyaya göndərir. Mobil jurnalistika budur. O vaxtı Azərbaycanda bunun elementləri olub. Daha çox “Yeni Müsavat” tətbiq edirdi bu üsulu. Amma bu bir element idi, tam tətbiq etmədik.

İndi onlayn jurnalistika dövrüdür. Hərə bir yerdə oturur, hadisə baş verən kimi telefonda yazıb redaksiyaya göndərir. Bu baxımdan mobil jurnalistika Azərbaycanda tam olaraq yaşarlılıq qazana bilmədi.

Amma indiki kommunikasiya istədiyimiz yerdən tam qüvvə ilə işləmək imkanı yaradır.

- Netiket barədə də fikirlər səsləndirdiniz. Azərbaycan mediasına etik prinsiplərə nə dərəcədə əməl edir?

- İllər öncə netiketlə bağlı jurnalistlərə, müəllimlərə və QHT-lərə seminarlar keçdik. Burada fərqli, qeyri-adi heç nə yoxdur. Real həyatdakı davranışlarımızı onlayn müstəviyə daşıyırıq.

Tutaq ki, redaksiyada kollektivlə bir otaqda oturub işləyirsiniz. Burada qadın, kişi, böyük, kiçik yeri bilirsiniz, milli dəyərlər, adət-ənənə kimi çərçivələrdən çıxmırsınız. Yəni söyüş söymürsünüz, səsinizi ucaltmırsınız, kobud davranmırsınız. Bunlar real həyatda olan etiket davranış qaydalarıdır.

Bir də təsəvvür edin ki, onlayn müstəvidəsiniz, qapınız bağlıdır, təksiniz və sizi heç kim görmür. Düşünürsünüz ki, necə istəsəniz danışarsınız, necə istəsəniz geyinərsiniz, necə istəsəniz yazışarsınız və sair. Netiketin 10 qızıl qaydasından ilki bu idi, təkbaşına monitor arxasında otursanız belə, heç də tək deyilsiniz. Bu tədbirlərdə insanlara izah etmək istədik ki, sizə elə gəlməsin sosial mediadakı söyüşlər, təhqirlər, nəzakətsiz üslub, nifrət dili təkcə hədəfə aldığınız adama gedib çatır. Onlayn müstəviyə keçsəniz də, evinizdə tək olsanız da sizi daha çox adam görür. Təklikdə etdiyiniz hər hansı davranışlar xoşagəlməz vərdişlərə çevrilə bilər.

İllərdir xüsusən feysbukda keyfiyyət dəyişikliyinə nail ola bilmişəm. Profilimdə söyüş söyən təsadüfi adamlar yoxdur. Tərbiyə olunanı tərbiyə etmişəm, olunmayana da dözmək fikrində deyiləm, dostluqdan çıxarmışam.

Ara-sıra jurnalistlərin, ictimai xadimlərin özəl yazışmaları ortalığa çıxır. Əslində belə yazışmaların ortalığa çıxması, müdaxilə edilməsi etik deyil, ədəbsizlikdir. Ona görə də heç kəsin özəl yazışması sirr deyil.

- Sizcə, erməni auditoriyası ilə necə işləməliyik?

- İl bitəndə sosial media şəbəkələri hesabımız barədə hesabatlar göndərir. “YouTube” kanalımın 2022-ci il hesabatı ilə tanış olanda gördüm ki, kanalımı izləyən ölkələr arasında Ermənistan birinci sıradadır. İkinci yerdə Azərbaycan, üçüncü yerdə isə Rusiya dayanır. Baxmayaraq ki, “YouTube” kanalım o qədər də aktiv deyil, amma il ərzində 27 min izləyicisi olub. Hesab edirəm ki, hədəfə vururam.

Xüsusən 2009-cu ildən istifadə etdiyim “Tvitter”də çox aktivəm. Müşahidə edirəm ki, orada da kifayət qədər erməni izləyicim var. Adətən ingiliscə tivit atıram, hətta bəzən Azərbaycan dilində yazdığım tvitlərə belə ingilis dilində reaksiyalar verirlər. Söyməsəm də Paşinyan “Tvitter”də məni bloklayıb. Bu, özümə də təəccüblü gəldi.

Erməni auditoriyasına təsir etmək üçün ilk növbədə söyüşü, təhqiri kənara qoymaq lazımdır. Bəzən Azərbaycanda sosial media platformasında Paşinyan, onun arvadı, hətta erməninin üzdə olan adamları barədə nalayiq ifadələr işlədirlər. Bunu təqdir etmirəm. Paşinyanı, ermənilərin ayrı-ayrı adamlarını tənqid edirəm, amma nəzakətsiz ifadə işlətmirəm. Ona görə də 14 il ərzində 35 mindən çox tivit atmışam, bir dəfə də bloklanmamışam. Yəni hədəfə yönəlik, təhqirsiz paylaşımlar etmək lazımdır.

Təbii ki, erməni dilini bilmək də vacibdir. Ermənilərin içərisində rus, türk, hətta ingilis, az da olsa Azərbaycan dilini bilənlər də az deyil. Sosial platformalarda paylaşımları bu dillərdə etsək, erməni auditoriyasına müəyyən qədər təsir etmək olar.

- Müsahibə üçün çox təşəkkür edirik.

- Mən təşəkkür edirəm.


Müəllif: Foto: Elnur Muxtar, Yeganə Oqtayqızı