“Paşinyan sülh müqaviləsindən yayınmaqla Ermənistanı yeni zərbə qarşısında qoya bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib.
Ekspert şər ikilisinin – Ermənistan və İranın Azərbaycana qarşı fəaliyyətdə olduğunu bildirib:
“İran indi də Zəngəzur dəhlizinə qarşı olduğunu İrəvandakı səfiri vasitəsilə bildirməyə başlayıb. Prezident İlham Əliyev bu məsələyə nöqtə qoyub, Zəngəzur dəhlizinin açılacağını və bunun beynəlxalq geosiyasi layihə olduğunu bəyan edib. Artıq Azərbaycan hərəkətə keçib, bu projeyə daxil olan avtomobil və dəmir yollarının çəkilişləri tam sürətlə davam edir.
İran rejimi isə bunun qarşısını almağa çalışır, bu baxımdan onun məhz Zəngəzur istiqamətindən Ermənistanla birgə Azərbaycana qarşı təxribata hazırlaşdığı istisna deyil. Artıq SEPAH-ın Ermənistan hərbçilərin təlim keçməsi haqda məlumatlar gəlir. Təbii ki, Azərbaycan və Türkiyə bu şər ikilisinin istənilən təxribatına ciddi cavab verəcək. Bu gəlişmə Zəngəzur dəhlizinin Azərbaycanın nəzarətində açılması ilə nəticələnə bilər”.
Məhəmməd Əsədullazadə Avropa Birliyinin Ermənistana müşahidə missiyası göndərməsi qərarına da toxunub:
“İranla yanaşı, Fransa da fəallıq göstərməyə çalışır. Fransa bu kontekstdə Avropa Birliyinin mülki missiyasının tərkibində öz hərbçilərini Zəngəzurda yerləşdirməyi planlaşdırır. Bu, Nikol Paşinyanla Makronun planıdır. Paşinyan Makrona uyaraq, regionda çox ciddi strateji səhvlərə yol verir. Paşinyan Azərbaycan, Türkiyə və Rusiyanın ziddinə gedərək Fransa hərbçilərini bölgəyə çağırması Ermənistan ətrafındakı blokadanın qalmasına səbəb olacaq.
Bir sözlə, Ermənistan rəhbərliyi sülh prosesindən yayınmaqla yanaşı, onlar üçün yeni risklər yaradan gedişlər edir. Bu risklər isə Ermənistan üçün yaxşı heç nə vəd etmir. Yəni Paşinyan sülh müqaviləsindən yayınmaqla Ermənistanı yeni zərbə qarşısında qoya bilər”.