28 Mart 2023 14:37
16 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva-İrəvan münasibətlərindəki hazırkı vəziyyət Qarabağ separatçılarını çıxılmaz vəziyyətə sürükləyir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya-Ermənistan gərginliyinin artdığını bildirib:

“Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutuna qoşulmaq planını tənqid edərək, İrəvanın ünvanına belə bir cümlə işlədib: “Beynəlxalq Cinayətlər Məhkəməsinin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız orderləri fonunda Ermənistanın qərarını tamamilə qəbuledilməz hesab edirik”.

Moskva Ermənistanın sözügedən istiqamətdə atacağı addımların ikitərəfli münasibətlərə mənfi təsir göstərəcəyini bildirib. “Atacağı addımlar” dedikdə söhbət Beynəlxalq Cinayətlər Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə verdiyi orderdən gedir. Başqa sözlə, Putin İrəvana gedərsə, Ermənistan hüquq-mühafizə orqanları onu həbs etməlidir. Aydındır ki, Ermənistan Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutuna qoşularsa belə, İrəvanın Putini həbs etməyə cəsarəti çatmaz. Digər tərəfdən, belə vəziyyətdə Putin də İrəvana getmək istəməz”.

Elxan Şahinoğlu Rusiya hərbçilərinin Zəngəzurda keçirdiyi təlimlərə də diqqət çəkib:

“Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyi Kremlin təlimatı ilə Ermənistan hakimiyyətinin qərarını sərt tənqid edərkən, Rusiya Müdafiə Nazirliyi Ermənistanla birgə Qərbi Zəngəzurda birgə hərbi təlimlər keçirib. Bu təlimlər Azərbaycanın əleyhinədir. Kreml bununla demək istəyir ki, Baş nazir Nikol Paşinyanın siyasətindən narazı qalsa da, Ermənistanın Azərbaycan qarşısında gücsüz qalmasını istəmir. Buna baxmayaraq, Kreml-İrəvan münasibətləri tarixin ən soyuq dövrünü yaşayır ki, bu, Azərbaycanın maraqlarına uyğundur.

Moskva-İrəvan münasibətlərindəki hazırkı vəziyyət Qarabağ separatçılarını çıxılmaz vəziyyətə sürükləyir. Erməni separatçıları Qarabağda Rusiyasız “fəaliyyət”lərinə davam edə bilməyəcəklərini anlayırlar. Ancaq Kremlin Rusiya hərbi kontingentinə verdiyi hazırkı tapşırıq bundan ibarətdir ki, Azərbaycan hərbçiləri ilə toqquşmamalıdırlar. Bu, erməniləri ciddi narahat edir. Çünki erməni separatçıları Rusiya hərbi kontingentinin Azərbaycan hərbçilərini dayandırmasını istəyir. Bu baş vermədiyinə görə, erməni separatçılarının Rusiyadan məyusluğu artır. Bu o demək deyil ki, Rusiya Azərbaycanın maraqlarına uyğun hərəkət edir, sadəcə biz Qarabağda hədəflərimizə doğru irəliləməkdə davam edə bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər