“Başı Ukraynada qarışan Rusiya eyni anda müxtəlif istiqamətlərdə mübarizə apara bilmir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Moskvada keçirilən üçtərəfli görüşdə yalnız kommunikasiyaların açılması işi ilə məşğul olan birgə komissiyanın toplantısının keçirilməsi razılaşdırıldı. Baş nazirlərinin müavinləri gələn həftə bu çərçivədə görüşəcəklər. Birgə komissiya iki ildir təsis edilib, amma fəaliyyətində bir irəliləyiş və dinamika yoxdur. Çünki Rusiya özünün vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların heç birinin yerinə yetirilməsində maraqlı olmayıb, olacaqmış kimi də görünmür. Liderlərin son görüşündə Putinin yalnız Rusiyanın maraqlarını əks etdirən məsələləri ön plana çəkəndə də bunu gördük.
Moskvada iki sənədin imzalanacağı deyilirdi. Bu məlumatı da Kremlə yaxın informasiya mənbələri yaymışdı. Amma heç bir sənəd və bəyanat qəbul edilmədi. Görünür, indiki məqamda Azərbaycan və Ermənistanın anlaşması Kremlin maraqlarına uyğun deyil”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıması Moskvanı hiddətləndirib:
“Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanınmasından sonra Moskvada keçirilən görüşdə bir nəticənin əldə ediləcəyi gözlənilən deyildi. Rusiya Ermənistanın Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyacağını gözləmirdi. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın məsələ ilə əlaqədar verdiyi çoxbaşlı açıqlama da bunu göstərir. Ona görə də Moskva görüşü nəticəsiz oldu.
Zənnimcə, Rusiyanın vasitəçiliyinin effektli olmaması Azərbaycanın maraqlarına uyğundur. İndiki məqamda Brüssel formatı Azərbaycanın maraqlarının qorunması baxımından daha uğurlu görünür. Moskvanın nəticəsiz səyləri Brüsselin öndəki yerini daha da gücləndirir. Görünən budur ki, Rusiyanın Cənubi Qafqazdakı mövqeyi getdikcə zəifləyir. Başı Ukraynada qarışan Rusiya eyni anda müxtəlif istiqamətlərdə mübarizə apara bilmir. Artıq sülh müqaviləsinin yaxın gələcəkdə imzalanacağını əminliklə söyləmək olar”.