Bu il ermənilər qondarma "soyqırımı"nın yüz illiyini qeyd edəcəklər. Ermənilər hər fürsətdə uydurma soyqırımı iddiası ilə türk dünyasına zərbə vurmağa çalışıblar.
Bəs, Türkiyə və Azərbaycan bu ittihamları susdurmaq üçün hansı addımları atmalıdır?
"Avropadakı dərnəklərin üzərinə böyük məsuliyyət düşür"
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bildirib ki, ilk növbədə qondarma erməni "soyqırımı"nın ifşasına yönəlik tədbirlər həyata keçirilməlidir: "Əminəm ki, belə tədbirlər həyata keçiriləcək. Bununla bağlı xarici ölkələrdə müxtəlif seminarlar, debatlar təşkil olunacaq, tarixi açıqlama veriləcək. Heç bir tarixi faktlara əsaslanmayan, gerçəkliyi əks etdirməyən bu qondarma "soyqırımı" iddiaları, əslində, Qərbin ermənilər vasitəsilə Türkiyəyə təzyiq etmək vasitəsidir. Məhz bu səbəbdən də Türkiyə öz arxivlərini açdı və hətta mütəxəssisləri dəvət etdi ki, onlar arxivlərlə tanış olub, Osmanlı sənədlərinə istinadən faktı ortaya qoysunlar. Amma bu günədək Ermənistandan bir nəfər belə olsun, arxivlərdə işləməklə bağlı müraciət etməyib. Halbuki, ermənilər iddia qaldıran tərəf kimi bu arxivlərdə işləməyə razılıq verməli idilər. Bunun özü də sübut edir ki, bu qondarma məsələdir. Bizim hədəfimiz odur ki, bunun belə olmadığını, əslində əsl soyqırımın Azərbaycan və Anadolu türklərinə qarşı törədildiyini faktlarla ortaya qoyaq. İnanıram ki, həm Azərbaycandan, həm də Türkiyədən olan tarixçilərin, mütəxəssislərin xaricə səfərləri təşkil olunacaq. Onlar müəyyən konfranslarda verdikləri açıqlamalarla bir daha dünya ictimaiyyətinə belə bir hadisənin olmadığını təqdim edə biləcəklər".
V.Zifəroğlu əlavə edib ki, xaricdə Azərbaycan, Türkiyə kültür dərnəkləri, mədəniyyət mərkəzləri var. Onun fikrincə, bu məsələdə həmin dərnəklərin, mərkəzlərin üzərinə böyük yük düşür: "Lobbiçilik fəaliyyətində belə bir yanlışlığa yol verilir ki, bu da hər şeyin dövlətdən gözlənilməsidir. Elə düşünürlər ki, mütləq dövlət pul ayırmalı, nəzarəti həyata keçirməlidir. Bizim özümüzün də milli təəssübkeşliyimiz olmalıdır. Bu anlamda hesab edirəm ki, Avropadakı dərnəklərin üzərinə son dərəcə böyük məsuliyyət düşür. Qarşıdan Xocalı soyqırımının ildönümü gəlir. Bu soyqırımı ilə bağlı həyata keçirilən "Xocalıya ədalət" kampaniyası artıq öz effektini verməkdədir. Artıq bir sıra ölkələr bu soyqırımını tanıyıb. Bunun əsasında biz hücum taktikalarından istifadə edə bilərik.
Bu məsələdə beynəlxalq medianın gücündən də istifadə etməliyik. Xarici media orqanları ilə səmərəli işin qurulması ilə ermənilərin tarixi ədalətə sığmayan iddialarını dəf edə bilərik. Amma bir məqamı da yaddan çıxarmayaq ki, ikili standartlar var. Beynəlxalq güclər hər zaman bu ikili standartları həm Azərbaycana, həm də Türkiyəyə tətbiq edirlər və onların öz geosiyasi maraqları var. Ona görə də beynəlxalq güclər indi daha aktiv şəkildə bu qondarma soyqırımından bizə qarşı istifadə etməyə çalışacaqlar".
"Türkiyə soyqırımı məsələsində əməli fəaliyyətə keçməlidir"
Tarixçi Taleh Cəfərov isə qeyd edib ki, qondarma "erməni soyqırımı" haqqında miflər XX əsrin əvvəllərində ilk dəfə İngiltərə KİV-ində yayılmağa başlayıb: "Ardınca Almaniya, Fransa daxilində erməni lobbiçiləri (Ternon) və başqaları bu ideyaları daha da genişləndirməyə başladılar. Artıq 2015-ci ildə bu uydurma iddiaların yüz illiyini təntənəli şəkildə keçirməyi qarşılarına məqsəd qoyan erməni diasporu bir sıra tədbirlər həyata keçirməyi planlayıblar. Xüsusilə, ilk növbədə ABŞ-ın bu iddiaları dəstəkləməsi diasporun bir nömrəli vəzifəsidir. İkinci növbədə, Sakit okeandakı cırtdan ada dövlətlərlə əməkdaşlıq qurulub və bu ölkələrdə uydurma soyqırımı qəbul etdirmək və bununla da soyqırımı qəbul etmiş ölkələrin sayında artım yaratmaqdır. Digər tərəfdən, Yaxın Şərq ölkələrində yerləşən bir sıra müsəlman ölkələrində bu iddiaların qəbul olunmasına çalışılacaq. Xüsusilə, İsraildə yenidən soyqırımı iddialarının Knessetdə müzakirəsi gözlənilir. Belə nəticə çıxarmaq olar ki, diaspor başlıca olaraq ABŞ və İsraildə bu iddiaları tanıtmağa çalışacaq. Amma bu, heç də inandırıcı görünmür. Belə ki, Respublikaçılar daima erməni məsələsini müzakirə etməkdən imtinaya çalışırlar. Nəzərə alsaq ki, ötən il ABŞ Konqresində Respublikaçılar partiyasından olan deputatların sayı demokratları üstələyib, bu işdə diasporun başarılı görünməsi inandırıcı deyil".
T.Cəfərov deyib ki, Türkiyə və Azərbaycan diasporlarının erməni diasporunun planlarına qarşı mübarizəsi bir neçə istiqamətdə aparılmalıdır: "Birincisi, Azərbaycan deputatları qruplara bölünməli və bu qruplar erməni diasporunun daha güclü olduğu ölkələrdə iş aparmalıdırlar, hökumət və qeyri- hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirməlidirlər. Eləcə də, onları ölkəmizə dəvət etməli, Quba məzarlığına aparmalı və onlara həqiqətləri göstərməlidirlər. Türkiyə soyqırımı məsələsinə olan loyal, yumşaq münasibətindən əl çəkib, əməli fəaliyyətə keçməlidir. Ənənəvi təbliğat formalarından başqa soyqırıma həsr edilmiş fləşmoblar keçirilməli, bir növ sadə insanların diqqətini buna yönəltməlidirlər. Hesab edirəm ki, konfranslar, simpoziumların keçirilməsi məqsədə müvafiqdir".
BƏXTİYAR