20 İyun 2023 13:01
3 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Ermənistan və Azərbaycan sülhdən bir il əvvəl olduğundan daha uzaqdadır”.

Teleqraf.com xəbər verir ki, erməni politoloq Armen Bağdasaryan deyib.

Ekspert Ermənistanın Azərbaycanın güclü təzyiqi altında olduğunu iddia edib.

İki ölkə arasındakı sülh danışıqlarına gəlincə, Bağdasaryan hazırkı situasiyada bunun mümkün görünmədiyini söyləyib:

“Ermənistan xarici işlər nazirinin müavini dünən açıqladı ki, ən mühüm məsələlərdə tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır, bu isə o deməkdir ki, gərgin danışıqlar gedir. Düşünürəm ki, bu gərginlik davam edəcək. Bəli, danışıqlar prosesi getdikcə aktivləşir, çoxları deyir ki, sülh sazişinin imzalanması kifayət qədər yaxındır, amma bu gün biz sülh sazişindən, məsələn, bir il əvvəlkindən xeyli uzaqdayıq”.

Politoloq Azərbaycanla sərhəddə (Naxçıvan) yerləşən Yerasx (Arazdəyən) kəndində ABŞ bayrağının qaldırılması məsələsinə toxunub:

“Anladığım qədər, söhbət Amerika investisiyasından gedir, məncə, bayrağın qaldırılması Azərbaycan tərəfini cilovlamaq cəhdidir, amma bunun effekt verəcəyini düşünmürəm”.

Bundan əvvəl “GTB Steel” şirkəti Arazdəyən kəndində tikilməkdə olan metallurgiya zavodunun ərazisində Ermənistan və ABŞ bayraqlarının qaldırılması barədə qərar qəbul edib.

Ermənilər son bir neçə gündə Arazdəyən istiqamətində Azərbaycanın mövqelərinə qarşı təxribat törədiblər. Onların bu addımı ABŞ-ı Azərbaycana qarşı törətdikləri təxribata şərik etmək cəhdi kimi qiymətləndirilir. Eyni zamanda, Arazdəyən Azərbaycana qaytarılmalı olan anklav kəndi Kərkiyə gedən yolun üzərində yerləşir.

Mütəxəssislər Araz çayı yaxınlığında inşa edilən zavodun bölgədə ekoloji fəlakətə yol açacağı barədə xəbərdarlıq edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər