25 İyun 2023 17:35
2 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İranın Qafanda konsulluq açmasında Şuşada eyni addımı atmaqla cavab verdi.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Təhlilin müəllifi Artak Qalstyan hesab edir ki, İkinci Qarabağ Müharibəsindən sonra Türkiyənin bölgədəki dayaqları daha da güclənib:

“İkinci Qarabağ Müharibəsinin nəticələri Türkiyənin Cənubi Qafqazda onsuz da möhkəm olan ayağını bir az da bərkitməsi oldu, bir növ bölgəyə lövbər atdı. Təsadüfi deyil ki, yenidən seçilən Türkiyə Prezidenti Ərdoğan Kiprdən sonra ilk beynəlxalq səfərini Azərbaycana etdi və Bakıda Türkiyənin Şuşada baş konsulluğunun açılacağı ilə bağlı açıqlama verdi. Belə bir niyyət təsadüfi ola bilməz, çünki İran Sünikdə (Zəngəzurda) baş konsulluq açıb, Rusiya da Sünikdə baş konsulluq açmaq istəyini bildirib.

Konsulluqların bu cür təşkili sübut edir ki, Türkiyənin bölgədəki maraqları ilk növbədə İran və Rusiyanın maraqları ilə üst-üstə düşmür. Amma Moskva və Tehrandan fərqli olaraq Ankara Cənubi Qafqazda təsirini gücləndirmək baxımından konkret uğurlar əldə edib”.

Qalstyan qeyd edib ki, Azərbaycan və Türkiyə arasında dərin hərbi inteqrasiya prosesi gedir:

“Türkiyə ordusunun general-leytenantı Bəxtiyar Ərsay Azərbaycanda müdafiə nazirinin müşaviri vəzifəsində çalışır. Yəni Azərbaycan Silahlı Qüvvələrinin idarə olunmasına nəzarət edən şəxslərdən biri də odur.

Proses o həddə çatıb ki, Türkiyə Azərbaycanla birgə hava komandanlığı idarəetmə sisteminin yaradılması təşəbbüsü ilə çıxış edir. Türkiyə və Azərbaycan silahlı qüvvələrinin birgə təlimləri davamlı xarakter alıb, digər tərəfdən Azərbaycan ordusunun Türkiyə standartlarına uyğunlaşdırılması prosesi davam etdirilir. Faktiki əsaslar hazırlanır ki, müəyyən müddətdən sonra vahid Türkiyə-Azərbaycan ordusunun yaradılmasına keçid həyata keçirilsin”.

Müəllif iddia edir ki, Türkiyənin bölgədəki əsas hədəflərindən biri də Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır. Qalstyan bu dəhlizin açılmasının İran və Rusiyanı regional proseslərdən kənarda qalması ilə nəticələnəcəyini yazır.

Cənubi Qafqazda digər oyunçu Ermənistan sərhədində müşahidəçilərinin sayını artırmağa hazırlaşan Avropa Birliyidir. Təhlildə qeyd olunur ki, son nəticədə avropalılar optimal variant kimi NATO-dakı müttəfiqləri Türkiyənın regionda güclənməsinə dəstək verə bilərlər. Əlbəttə, bunda AB-nin də öz maraqları var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər