Azərbaycan Silahlı Qüvvələrinin yüksək dağlıq və çətin iqlim şəraitində yerləşən hərbi hissələrində qış mövsümündə və pis hava şəraitində xidmət üçün bütün tədbirlər həyata keçirilib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hərbi hissələrin şəxsi heyət bunun üçün zəruri olan vasitələrlə təmin olunub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi əmrlərin tələblərinə və plana uyğun olaraq yüksək dağlıq və çətin iqlim şəraitində yerləşən hərbi hissələr artıq çoxdan qış mövsümünə hazırdırlar və bu istiqamətdə müvafiq tədbirlər yerinə yetirilib.
Nazirliyinin tabeliyində olan bütün hərbi hissələr qışa hazırlıq prosesini çoxdan yekunlaşdırıb, şəxsi heyət qış geyim forması və isti paltarla, bölmələr təbii qaz, dizel, soba və odun yanacaqları ilə normalara uyğun olaraq tam təmin edilib.
Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən hərbi hissələrdə hərbi qulluqçular gündəlik ümumqoşun ərzaq payı normalarından əlavə müəyyən edilmiş qaydada ərzaq payı ilə təmin olunublar. Eyni zamanda yüksək dağ şəraitində yerləşən bölmələrin şəxsi heyətinin stasionar şəraitdəki kimi yüksək kalorili, milli çeşidli və keyfiyyətli yeməklərlə qidalanmaları üçün həmin bölmələr konservləşdirilmiş 1-ci və 2-ci milli yeməklərlə də təmin ediliblər.
Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən ötən ilin sentyabrından etibarən ərazi relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində yerləşən və uzunmüddətli ərzaq tədarükü edilən hərbi hissələrin şəxsi heyəti üçün stasionar şəraitdəki kimi milli yeməklərin hazırlanmasında bəzi çətinliklər yaranır. Bu səbəbdən də qeyd edilən şəraitdə xidmət edən şəxsi heyətin konservləşdirilmiş milli yeməklərlə təmin edilməsi planlaşdırılaraq həyata keçirilir. Belə ki, bir nəfər üçün 1 porsiyası 500-550 qramlıq tərəvəzli, yarmalı və tərəvəzli-yarmalı ət və sous şorbaları və 360-380 qramlıq badımcan, bibər, pomidor, kələm və qarışıq dolmalar hazırlanıb.
Bundan əlavə ərazi relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində, həmçinin içməli su mənbəyi olmayan yerlərdə xidmət edən, eləcə də döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuların fıziki sağlamlığının qorunması məqsədilə gün ərzində bir nəfər üçün yeməklərin hazırlanmasına 2,5 lt, içmək üçün yay mövsümündə 2 lt, qış mövsümündə isə 1 lt qablaşdırılmış su verilir.
BƏXTİYAR