10 Avqust 2023 12:37
10 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a ABŞ-ın “Microsoft” şirkətinin Azərbaycan və digər MDB ölkələri ilə bağlı fəaliyyətinə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisinə sual ünvanlayan jurnalist sözügedən şirkəti ABŞ kəşfiyyatına və Pentaqona xidmətdə ittiham edib.

Jurnalist Qaluzinə belə bir sual ünvanlayıb:

“Apreldə Amerikanın “Microsoft” şirkətinin Qazaxıstanda regionlararası mərkəz açacağı barədə məlumat yayılmışdı. Məlumata görə, qovşağın fəaliyyəti Mərkəzi Asiya ölkələri, Azərbaycan, Ermənistan, Gürcüstan, Monqolustan və Pakistanı əhatə edəcək. Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl bildirmişdi ki, “Microsoft” ABŞ-ın kəşfiyyat xidmətləri və Pentaqonun Ukraynanın bütün informasiya infrastrukturuna tam nəzarəti ələ keçirmək və onu rəqəmsal suverenlikdən məhrum etmək əmrini yerinə yetirir. Belə bir qovşağın açılmasında yuxarıda göstərilən ölkələrin rəqəmsal suverenliyinə təhlükə görürürükmü və Moskva bu layihənin həyata keçirilməsinə qarşı tərəfdaşlarına xəbərdarlıq edəcəkmi?”.

Rusiya rəsmisi suala belə cavab verib:

“Dəfələrlə qeyd etdiyimiz kimi, “Microsoft” təkcə anti-Rusiya ritorikası ilə yox, həm də dövlətimizə qarşı fəaliyyəti, konkret addımları ilə ləkələnmiş şirkətlərdəndir. Xüsusi hərbi əməliyyat başladığı ilk gündən bu korporasiya kibermüdafiəsini gücləndirmək bəhanəsi ilə Kiyev rejiminə müxtəlif dəstəklər verib. Üstəlik, müntəzəm olaraq Rusiyanı Ukrayna resurslarına kompüter hücumları təşkil etməkdə ittiham edir. Əlbəttə, heç bir sübut təqdim edilmir və ölkəmizin kritik infrastrukturuna qarşı sistemli kibertəxribat faktları ilə “Microsoft” susdurulur.

Bütün bunlar bir daha onu göstərir ki, Qeytsin beyni öz fəaliyyətini ABŞ-ın siyasi təlimatlarına uyğun olaraq itaətkarcasına qurur. Ona görə də şübhə etmirik ki, postsovet məkanının dövlətləri üzrə proyeksiya ilə regionlararası qovşağın yaradılması təşəbbüsü ilk növbədə Vaşinqtonun maraqlarına uyğun həyata keçirilir. Məqsəd bu ölkələri Amerika kəşfiyyat xidmətlərinin kəşfiyyat işlərini yerinə yetirməsini asanlaşdıran “əlfəcinlər”lə doldurulmuş İT sənayesinə cəlb etməkdir”.

Rusiya rəsmisi qeyd edib ki, qərblilərin vədləri çox vaxt siyasi və digər əsarətə çevrilir, o cümlədən rəqəmsal sferada:

“Amerika və Avropa İT nəhənglərinin öz texnoloji inkişaflarından ayrı-ayrı dövlətlərin milli maraqlarına xələl gətirmək üçün istifadə etdiklərinə dair çoxlu nümunələr var. Əlbəttə, hər bir dövlət bu layihənin onun rəqəmsal suverenliyinə təhlükə dərəcəsini özü müəyyən etməlidir. Biz öz növbəmizdə MDB-dəki dostlarımızı belə şirkətlərlə əməkdaşlığın mənfi nəticələri barədə xəbərdar edirik və bundan sonra da xəbərdar edəcəyik”.

Qaluzinin iddiasına görə, Rusiyanın postsovet məkanı ölkələri ilə ikitərəfli qarşılıqlı fəaliyyəti “bərabərhüquqlu əsaslar”la qurulur:

“Məsələn, 2022-ci ildə Azərbaycan və Ermənistanla beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqda hökumətlərarası sazişlər imzalamışıq. Hazırda bu sənədlərin icrası ilə bağlı planlar razılaşdırılır. Bu ilin yazında müvafiq qurumlararası məsləhətləşmələr keçirilib. Rəqəmsal və informasiya-kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış Rusiya şirkətləri Bakı və İrəvanla layihə əməkdaşlığının qurulmasında maraqlıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər