“Ermənistan Azərbaycanla sülhə danışıqlar yolu ilə getməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Ermənistanın Azərbaycana qarşı son təxribatçı fəaliyyətlərinə diqqət çəkib:
“Ermənistan iki istiqamətdə hərbi toqquşmaya hazırlaşır.
Ermənistan Avropa İttifaqının mülki missiyasının fəaliyyətindən istifadə edərək Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində şərti sərhəddə artilleriya və zirehli texnikalar cəmləşdirir. Ermənistan rəhbərliyi sülh danışıqlarında maraqlı olsaydı, belə addımlara getməzdi. Görünən budur ki, Ermənistan sülh müqaviləsini imzalamağa yox, savaşa hazırlaşır.
Hesab edirəm ki, Ermənistan ilk növbədə şərti sərhəddə Azərbaycana qarşı təxribata əl ata bilər. İkincisi, bunu Qarabağın dağlıq hissəsində saxladığı qanunsuz hərbi birləşmələr vasitəsilə edə bilər. Artıq separatçılar da Rusiya sülhməramlılarının müşayiəti ilə mövqelərini artilleriya və zirehli texnikalarla təmin edirlər. Separatçıların bir mövqedən digərlərinə silah daşımalarının görüntüləri internetdə yayılıb.
Qənaətimə görə, Azərbaycana qarşı “humanitar şou”dan istifadə edərək ölkəmizə qarşı beynəlxalq təzyiqin formalaşdirılmasına nail olmağa çalışan ermənilərin sonrakı addımları irimiqyaslı təxribatlara ola bilər. Ona görə də Azərbaycan bu gəlişməni qabaqlamalı, dərhal düşmənin dayaq məntəqələri və döyüş postlarının zərərsizləşdirilməsinə başlamalıdır. Ermənistan sülhə danışıqlar yolu ilə getməyəcək. Savaş yolu isə Ermənistana baha başa gələcək”.