İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Tibb üzrə fəlsəfə doktoru Üzeyir Rəhimovun 18 manatlıq icbari tibbi sığorta ilə keçirilən müayinədən həkimə 1 manat 10 qəpik pul ayrıldığına dair fikirlərinə Agentliyin cavabında bəzi sual doğuran məqamlar yarandı. Cavabda qeyd edilir: “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan həkimlərə verilən bonuslar göstərilən tibbi xidmətin tarifinə görə dəyişir. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Xidmətlər Zərfində ambulator şəraitdə göstərilən xidmətlərin tarifi 3-295 manat arasında dəyişir. Cərrahi tibbi xidmətlər üzrə tariflər isə 10-24000 manat arası təşkil edir. Bu icra edilən cərrahi prosedurun mürəkkəbliyindən və istifadə edilən tibbi sərfdən asılıdır”.
Maraqlıdır, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin neçəsi qeyd olunan 10-24000 manat arası vəsaiti ala bilir?
- Əvvəlcə sualda qeyd olunan 10-24000 manat məsələsinə aydınlıq gətirmək istərdik. Məlumat üçün bildirək ki, bu məbləğ həkimlərin əməkhaqqı deyil, tibbi xidmətin dəyəri ilə bağlıdır.
Qeyd edək ki, icbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə aylıq vəzifə maaşı, əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlərdən başqa, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr (bonus) də ödənilir.
Belə ki, ixtisas həkimləri vəzifə maaşı ilə birlikdə hər ay aylıq 800 manat sabit əlavə alır. Bundan əlavə həkimlərə tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq günlük bonus hasablanır. Günlük bonus hesablanan pasiyent sayı 15-35 arasında dəyişir. Ay ərzində (22 iş günü götürülərsə) həkimə müayinə etdiyi 330-770 arası pasiyent sayına görə bonus hesablanır.
Əlavə olaraq, qeyd edək ki, Xidmətlər Zərfində bir çox xidmətlərin tarifi artırılıb. Bu da həkimlərə ödənilən bonusun çoxalması deməkdir.
Məsələn, cari ilin avqust ayında edilmiş dəyişikliyə əsasən, ixtisaslı həkim tərəfindən müayinə edilən hər pasiyentə görə tibb müəssisəsinə 25 manat ödənilir. Hər pasiyentə görə bu məbləğin 8%-i (2.00AZN) həkimin əməkhaqqına əlavə edilir. Həkim gün ərzində 35, ay ərzində 770 xəstə qəbul edərsə, o, 1540 manat bonus almış olur. Buradan nəticə olaraq görünürür ki, artıq həkimin bonusunda artım müşahidə olundu.
Beləliklə, həkim bonusla yanaşı, ayın sonu aylıq vəzifə (tarif) maaşı, 800 manat aylıq sabit həvəsləndirici əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər alır.
Nümunə: 13-cü dərəcəli həkim-kardioloqun vəzifə (tarif) maaşı 560 manat, aylıq sabit həvəsləndirici əlavəsi 800 manatdır. Bununla yanaşı, həkimə işin nəticələrinə görə bonus ödənilir. 560+800 + 1540 manat (tutulmalar daxil) = 2900 manat.
Qeyd etmək olar ki, bundan əlavə həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr alır.
- Xidmətlər Zərfində olan bir çox xəstəliklərin müayinə və müalicəsi bölgələrdə müxtəlif obyektiv səbəblərdən mümkün deyil. Bu baxımdan onlar mütləq paytaxta üz tutmalı olurlar. Bu amili nəzərə alsaq bölgələrdəki dövlət tibb müəssisələrində çalışan həkimlərə verilən bonusların səviyyəsi necədir?
- Nəzərinizə çatdıraq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən regionlarda tibbi xidmətlərin əlçatanlığın əldə edilməsi məqsədilə bir çox tədbirlər həyata keçirilir. Ötən il ümumilikdə 108 adda 1768 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb. Ambulator və stasionar şəraitdə tibbi xidmətlərin göstərilməsi üçün bölgələrdəki tibb müəssisələrinə zəruri tibbi avadanlıqlar təhvil verilib. Məsələn, Ağdaş, Gəncə, Göyçay, Kürdəmir, Quba, Sabirabad, Saatlı, Şəki, Şirvan və Zaqatala rayon mərkəzi xəstəxanaları qapalı cərrahi əməliyyatların icrası üçün zəruri laparoskopik cihazlarla təmin olunub. Bölgələrdəki tibb müəssisələri üçün tibbi avadanlıqların alınması bu il də davam edəcək.
Ötən il həmçinin Agentlik tərəfindən vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” təsdiq edilib. Bu il proqramın müddəti daha bir il, yəni 2024-cü ilə qədər uzadılıb.
Proqram TƏBİB-in tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması məqsədi ilə xarici ölkələrdə təhsil almış həkim-mütəxəssislərin tibb müəssisələrində işə cəlb olunmasına imkan yaradır. 2022-ci ildən bugünə kimi 66 həkim-mütəxəssis 6 regionda - Bakı, Sumqayıt, Abşeron, Gəncə, Şəki və Ağdaş şəhərlərində yerləşən dövlət xəstəxanalarında işə cəlb olunublar. Onlar tərəfindən həm terapevtik, həm də cərrahi tibbi xidmətlər göstərilir.
Bundan başqa, müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Quba, Qusar, İsmayıllı, Qəbələ, Zaqatala, Kürdəmir, Mingəçevir, Sabirabad, İmişli, Salyan, Masallı, Lənkəran, Bərdə, Şəmkir və Tovuz da var. Bu, vətəndaşlara göndərişlə yaşadıqları yer üzrə müqaviləli tibb müəssisəsində xidmət almasına imkan verir.
Bütün bu tədbirlər vətəndaşların icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərə əlçatanlığının artırılmasına yönəlib.
Həkimlərin əməkhaqqıları məsələsinə gəlincə, bildirmək istərdik ki, icbari tibbi sığortanın tətbiqindən sonra regionlar üzrə dövlət tibb müəssisələrində çalışan həkimlərimiz arasında hazırda aylıq maksimum 7300 manat bonus alan həkim-travmatoloq, 6000 manat bonus alan həkim-ümumi cərrah, 5400 manat bonus alan həkim-ginekoloq və 4900 manat bonus alan həkim-uroloq var. Bu məbləğ ay ərzində icra edilən əməliyyatın sayı və xüsusiyyətinə görə dəyişə bilər.
- Hazırda bölgədə olan xəstələrin Bakıya axın statistikası hansı səviyyədədir? Yəni, xəstələr lazımi yardım ala bilirlər, yoxsa yenə şəhərə gəlirlər?
- Məlumat üçün bildirək ki, icbari tibbi sığorta xidmətlərinin əlçatanlığının artırılması və ehtiyac olan tibbi xidmətlərin qarşılanması üçün vətəndaş qeydiyyatda olduğu ünvandan asılı olmayaraq tək şəxsiyyət vəsiqəsi ilə ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər (Bakı daxil olmaqla) və rayonlarda TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarına müraciət edə bilirlər. Poliklinika/Ailə Sağlamlıq Mərkəzilərinə qeydiyyat üzrə müraciət edilməlidir.
Statistik göstəriciləri nəzərinizə çatdırırıq:
63 şəhər və rayon üzrə tibbi statistik göstəricilər
2023-cü ilin ilk 6 ayı ərzində Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 2 064 300 şəxs 6 390 364 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 18 773 895 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının və göstərilən tibbi xidmətlərin 58 %-i regionların payına düşür.
Bakı şəhəri üzrə tibbi statistik göstəricilər
Cari ilin ilk 6 ayı ərzində Bakı şəhəri üzrə isə dövlət tibb müəssisələrinə 1 367 016 şəxs 4 585 862 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 13 383 321 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının və göstərilən tibbi xidmətlərin 42 %-i Bakı şəhərinin payına düşür.