19 İyul 2023 16:25
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış kardioloq, tibb üzrə fəlsəfə doktoru Üzeyir Rəhimovun Teleqraf.com-a açıqlamasında 18 manatlıq icbari tibbi sığorta ilə keçirilən müayinədən həkimə 1 manat 10 qəpik pul ayrıldığına dair fikirlərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi reaksiya verib.

Agentlikdən Teleqraf.com-a bildirilib ki, səhiyyə işçilərinin əməkhaqqıları təkcə işin nəticəsinə görə həvəsləndirici əlavələrdən (bonus) ibarət deyil.

“Həkim ay ərzində aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavə, bonus, əmək şəraitinə görə ödənilən əlavə və digər ödənişlər alır. Yəni bonus da həkimin aylıq qazancını təşkil edən gəlirlər sırasındadır.

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan həkimlərə verilən bonuslar göstərilən tibbi xidmətin tarifinə görə dəyişir. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Xidmətlər Zərfində ambulator şəraitdə göstərilən xidmətlərin tarifi 3-295 manat arasında dəyişir. Cərrahi tibbi xidmətlər üzrə tariflər isə 10-24000 manat arası təşkil edir. Bu icra edilən cərrahi prosedurun mürəkkəbliyindən və istifadə edilən tibbi sərfdən asılıdır”, - məlumatda deyilir.

Agentlikdən o da vurğulanıb ki, həkim iş günü ərzində yalnız bir pasiyenti qəbul etmir: “Tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq günlük hədd (günlük qəbul edilən xəstə sayı) 15-35 pasiyent arasında dəyişir. Bu səbəblə də, yalnız bir pasiyentə görə göstərilən tibbi xidmətin tarifinin müvafiq faizinin həkimə ödənildiyini qeyd etmək doğru deyil. Ay ərzində həkimə müayinə etdiyi 300-700 arası pasiyent sayına görə bonus hesablanır. Beləliklə, həkim ayın sonu aylıq vəzifə (tarif) maaşı, 800 manat aylıq sabit həvəsləndirici əlavə, 300-700 pasiyentin müayinəsinə görə bonus və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər alır.

Bundan əlavə, həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr alır.

Məsələn, həkim-ümumi cərrahın minimum aldığı aylıq vəzifə (tarif) maaşı 538 manat təşkil edir. Həkim-ümumi cərrahın maaşına 800 manat aylıq sabit həvəsləndirici əlavə tətbiq edilir. Bundan başqa həkimə işin nəticəsinə görə aylıq həvəsləndirici əlavələr ödənilir. 538+800+minimum bonus 140 manat (tutulmalar daxil) = 1478 manat”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər