Ermənistanın son günlər təxribatları intensivləşib. Gərək ayda bir neçə dəfə başlarına yumruq dəysin ki, normal vəziyyəti dəyərləndirə bilsinlər. Humanitar yardımla bağlı Ermənistanın çıxardığı şou nəticə verməyincə diqqəti fərqli istiqamətə yönəltməyə cəhd edirlər.
Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, Ermənistanın əsas məqsədi Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasını mümkün qədər ertələməkdir: "Bu müqavilənin imzalanması Ermənistan üçün maraqlı deyil. Çünki sülh baş tutarsa, Ermənistan üzərinə götürdüyü bir çox öhdəlikləri mütləq yerinə yetirməli olacaq. Erməni silahlılarının Qarabağdan çıxarılması, Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünün imza ilə təsdiq edilməsi, Zəngəzur dəhlizinin açılması reallaşmalıdır. Ona görə də Ermənistan tərəfi bu məsələni mümkün qədər uzatmağa çalışır. Azərbaycanın gözləməyə nə vaxt, nə də səbri qalıb. Ermənistan yaxşı anlayır ki, bu proseslərin sonu yoxdur. Necə ki, son üç il sentyabr ayında baş verənlərin eynisi yaşana bilər".
Ekspertin sözlərinə görə, vəziyyət kifayət qədər gərgindir: "Hazırda Ermənistanın əməliyyatlar zonasında yaratdığı vəziyyət təhdid dövrünü xatırladır. Bu təhdidlərə cavab vermək üçün daim hazır olmalıyıq.
Müharibə olma ehtimalı hələ ki mövcud deyil. Çünki Ermənistanın mövcud potensiyalı müharibə aparmağa imkan vermir. Amma müəyyən məhdud ərazilərdə lokal toqquşmalar, təxribatlar daim mümkündür. Demək olar ki, hər gün bir neçə dəfə baş verir. Təxribatların genişlənməsi isə təbii ki, gətirib genişmiqyaslı eskalasiyaya çıxara bilər. Amma bu, daha çox Ermənistandan asılıdır. Əgər əvvəlki döyüşlərin təcrübəsindən doğru-dürüst bir nəticə çıxarsa, Ermənistan ən qısa müddətdə sülh sazişini imzalamalıdır. Allah eləməsin ki, ali baş komandan hərbi geyimini geyinsin. Hərbi geyimini geyinərsə, Ermənistan ağır şəkildə cəzalanacaq".