10 Sentyabr 2023 22:13
3 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tehran hər imkandan istifadə edərək qardaş ölkənin Cənubi Qafqazda güclənməsindən narahatlıq keçirdiyini açıq şəkildə bildirir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Vüqar Zifəroğlu deyib.

Ekspert İrandan Azərbaycana yönəlmiş təxribatçı mesajlara diqqət çəkib:

“Azərbaycan əleyhinə davamlı çıxışlar edən iranlı jurnalist Rza Abbasi X sosial şəbəkəsində yazır ki, həm birbaşa, həm də dolayı yolla Azərbaycana lazımi xəbərdarlıq edilib: “Bakı ordusu”nun Sünikə (Zəngəzur) nəzarəti ələ keçirməsinin qarşısını almaq üçün bütün müdafiə planları sahə komandirlərinə bildirilib və qarşıdırma baş verərsə, İranın müharibəyə girəcəyi mütləqdir”.

Göründüyü kimi Tehran yenə də öz hədələrini davam etdirir. Amma maraqlı məqam ondan ibarətdir ki, belə bir müdaxiləyə yol verəcəkləri təqdirdə, hansı dağıdıcı nəticələrlə üzləşəcəklərini anlayırlar. Bu, faktiki olaraq Türkiyə və İsrailin birbaşa, Qərbin isə dolayısı ilə Tehrana qarşı ciddi hərbi hərəkata başlamasına səbəb olacaq. Ermənistan bu zaman yaddan çıxacaq. Rusiya isə Türkiyə faktoru və eləcə də Ukraynadakı müharibə bataqlığına saplanması səbəbilə passiv mövqe sərgiləməyə məcbur olacaq. Nəticəsi bu olacaq ki, uzun illərdir Qərbin masasında olan İranın parçalanması ssenari sürətlə işə düşəcək.

Bəs belə nəticələrlərlə üzləşməyə hazırdırlarmı? Düşünmürəm.

Fikrimcə, bu cür populist açıqlamaların verilməsinin 4 əsas səbəbi var:

Birinci, bölgədə marağı olan xarici qüvvələrə (Qərb, İsrail) mesaj. Bu açıqlamalarla Tehran hər vəchlə Cənubi Qafqazda maraqlarını qorumağa hazır olduğunu çatdırmağa çalışır, “mən də bölgədəyəm, məni də sayın” mənasını ifadə edən mesaj verir. Amma unudurlar ki, elə Qərb də Tehranın belə bir yanlışa yol verməsini səbrsizliklə gözləyir. 1991-ci ildə İraqın Küveytə müdaxiləsi və onun hələ də davam edən nəticələrindən dərs çıxartmaq lazımdır.

İkincisi, Türkiyəyə mesaj. Tehran hər imkandan istifadə edərək qardaş ölkənin Cənubi Qafqazda güclənməsindən narahatlıq keçirdiyini açıq şəkildə bildirir. Türkiyə xarici işlər naziri Hakan Fidanla bir neçə gün öncə keçirilən görüşdə səsləndirilən fikirlər buna əyani sübutdur.

Üçüncü, Ermənistana mesajdır. Bu da daha çox “qorxma, mən səninləyəm” anlamını ifadə edir. Tehran XX əsrin əvvəllərində Ermənistan adlı oyuncaq təsisatın (dövlət deməyə adamın dili gəlmir) yaradılmasına əsas səbəb olan, yəni Azərbaycanla Türkiyə arasında maneə funksiyasını sonadək icra etməsində maraqlı olduğunu gizlətmir.

Dördüncü, daxili auditoriyanın başını qatmaq. Məşhur sentyabr etirazlarının (Məhsa Əmininin ölümü ilə bağlı) ildönümünün yaxınlaşması və etirazların güclənəcəyi gözləntisi fonunda “sionist qüvvələrin məkrli planları və təhdidləri” bəhanəsilə ümumi təhlükə obrazı adı altında birliyə çağırışa ciddi ehtiyacları var. Bu, eyni zamanda xarici təhdidlər adı altında etirazçılara daha sərt tədbirlər tətbiq etməyə və bunu “arqumentləşdirməyə” əsas verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər