“Azərbaycanla Ermənistan arasında gərginlik yüksək olsa da, bunun uzunmüddətli toqquşmaya və ya 2020-ci ildə İkinci Qarabağ Müharibəsi kimi prosesə çevrilməsi ehtimalı azdır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Ankara Universitetinin müəllimi, professor Yıldız Deveci Bozkuş deyib.
Onun sözlərinə görə, Cənubi Qafqaz tarixi, mədəni və enerji baxımından əhəmiyyəti ilə yanaşı, strateji və geosiyasi mövqeyinə görə də qlobal masada “parlayan ulduz”a çevrilib:
“Region həmişə olduğu kimi bu gün də həm beynəlxalq, həm də regional miqyasda xarici, enerji və təhlükəsizlik siyasətləri baxımından Qərbin diqqətini çəkir.
Cənubi Qafqaz Qərb dövlətləri ilə yanaşı, qeyri-regional aktorların da diqqətini cəlb edir. Xüsusilə Çin və Hindistanın regionla bağlı siyasətləri bunun ən mühüm göstəricisidir. Digər tərəfdən, İran regional aktor kimi bölgədəki balansları da yaxından izləyir. Bu səbəbdən Cənubi Qafqazın bu kimi məsələlərlə, xüsusən də Qarabağla böyük dövlətlər arasında yeni mübarizə meydanına çevrilməyə başladığını söyləmək olar.
Bu kontekstdə ABŞ-ın 11-20 sentyabr tarixlərində Ermənistanla keçirdiyi təlim beynəlxalq ictimai rəydə böyük əks-səda doğurub. Sözügedən təlim Rusiya başda olmaqla bir çox ölkə tərəfindən “regional sülh və əmin-amanlığa töhfə verməyəcək bir addım” olaraq qiymətləndirilib.
Digər mühüm məsələ Ermənistanın Rusiyadan asılılığını ilk dəfə “strateji səhv” kimi dəyərləndirməsidir. ABŞ-ın Ukraynadan sonra Ermənistanda da oxşar problem yaratmağa çalışdığına dair böyük ictimai rəy formalaşıb. Xüsusilə, NATO-nun Avropa Genişlənmə Komitəsinin rəhbəri Günter Fehlingerin Ermənistanı NATO-ya üzv olmaq çağırışı bu aspektdəndir. Bu, Rusiyanı təhrik etməyə yönəlmiş çağırışa bənzəyir”.
Bozkuş qeyd edib ki, Rusiya Ermənistanın ABŞ-la yaxınlaşmasını və birgə hərbi təlim keçirməsini “narahatedici vəziyyət” kimi qiymətləndirib. O, ABŞ-ın NATO vasitəsilə Cənubi Qafqazda genişlənmək səylərinin İranı da narahat etdiyini söyləyib.
Bununla belə, professor bölgədə yeni irimiqyaslı müharibə proqnozlaşdırmır:
“Azərbaycanla Ermənistan arasında gərginlik yüksək olsa da, bunun uzunmüddətli toqquşmaya və ya 2020-ci ildə İkinci Qarabağ Müharibəsi kimi prosesə çevrilməsi ehtimalı azdır. Çünki Ermənistan artıq 44 günlük müharibədə ciddi itkilər verib və Paşinyan bir çox dairələrin tənqidinə məruz qalıb. Bu məqamda oxşar addımın atılması həm regional, həm də qlobal təsirlərə malik olacaq, ona görə də toqquşma baş versə belə, bunun kiçikmiqyaslı olacağı gözlənilir.
Üstəlik, yeni dövrdə Türkiyənin irəli sürdüyü “Altılıq” platforması təklifinin arxa planda qaldığı görünür. Bunda Rusiya-Ukrayna müharibəsinin gedişatının mühüm payı olsa da, qlobal proseslər də həlledici idi. Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında mümkün savaş Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müəyyən mənfi təsirlər göstərəcək.
Məlum olduğu kimi, Türkiyə-Azərbaycan münasibətləri “bir millət, iki dövlət” devizi ilə formalaşıb. İkinci Qarabağ Müharibəsindən sonra Şuşa bəyannaməsi ilə iki ölkə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu çərçivədə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilməsi qərara alınıb. Bu məsələ əvvəllər Ermənistan tərəfindən dəfələrlə təsdiqlənərkən, İrəvanın bu yaxınlarda Türkiyə ilə münasibətlərin gedişatının Azərbaycanla danışıqlardan asılı olmayacağı barədə bəyanatı Ermənistanda ciddi paradiqma dəyişikliyinin olduğunu göstərir”.