Fransadakı “Erməni Təşkilatlarının Koordinasiya Şurası”nın rəhbəri Murad Papazyan Prezident Emmanuel Makron və hökumətinin erməni lobbisinin əlində siyasi alət olduğunu etiraf edib.
Teleqraf.com xəbər verir ki, Papazyan Qarabağ separatçıları və Ermənistanı dəstəkləməsi üçün Makrona təzyiq etdiklərini deyib.
“Biz Prezident Makrona təzyiq etdik, çünki bizim münasibətlərimiz birbaşadır, Fransa ilə danışıqlar apardıq ki, Fransanın beynəlxalq aləmdə mövqeyi ermənipərəst və “artsaxpərəst” olsun. Biz buna nail olduq”, - təşkilat sədri bildirib.
Onun sözlərinə görə, bu təzyiqlər nəticəsində Fransa iki dəfə Qarabağ məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıb.
“Fransa beynəlxalq aləmdə, xüsusən də Avropada təkdir, çünki Türkiyə və Azərbaycan lobbisi çox ciddi işləyir. Fransa daha da irəli gedə bilmək üçün ətrafına bir sıra müttəfiq ölkələri toplamağa çalışır. Bəli, Fransa ermənipərəstdir, amma təkdir, ona görə də nə BMT-yə, nə də beynəlxalq ictimaiyyətə böyük təsiri ola bilməz”, - Papazyan əlavə edib.
Qeyd edək ki, Murad Papazyanın Ermənistana girişi qadağandır. O, Ermənistan hökuməti tərəfindən “arzuolunmaz şəxs” elan edilib.