“Azərbaycanlı qaçqınların Ermənistana qayıtması məsələsi sülh müqaviləsi çərçivəsində nəzərdən keçirilir”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Davit Karapetyan deyib.
Ekspert artıq bu məsələnin BMT səviyyəsində də müzakirə olunduğunu söyləyib. Məsələ ilə bağlı sözügedən təşkilata müraciəti Qərbi Azərbaycan icması ünvanlayıb.
Karapetyan qeyd edib ki, söhbət 100-150 min azərbaycanlının Ermənistanın cənubunda, yəni tarixi Azərbaycan ərazilərində yerləşdirilməsindən gedir. Politoloq bura Dərələyəz, Göyçə, Basarkeçər, Zəngəzur və digər bir sıra ərazilərin daxil olduğunu bildirib.
“Bu durumda 100-150 min azərbaycanlı dövlət tərəfindən təmin edilməlidir, burada səsvermə və mülkiyyəti hüquqları olmalıdır. Hazırda dövlətin ərazisində mütləq çoxluq bizik, yəni çoxmillətli deyilik və azərbaycanlılar artıq ölkədə ermənilərdən sonra növbəti çoxluğu təşkil edəcək”, - Karapetyan vurğulayıb.
Anklav məsələsinə toxunan politoloq söyləyib ki, Ermənistan hökuməti Naxçıvan və Qazaxın kəndlərini (ümumilikdə 8) təhvil verməyə hazırdır:
“Ermənistan baş naziri 86.6 minkvadrat kilometrlik ərazidə Azərbaycanın bütövlüyünü tanıdı, bu çərçivədə artıq anklavların təhvil verilməsindən danışır. Paşinyanın ilin sonuna kimi imzalamağa hazır olduğu Azərbaycanla sülh müqaviləsində çox güman ki, qaçqınların (Ermənistana) qaytarılması ilə bağlı bənd olacaq”.