24 Oktyabr 2023 13:53
2 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran bölgədə Türkiyəyə qarşı balans yaratmaq üçün Ermənistanda güclənməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu “Altılıq” formatının (3+3) Tehranda keçirilən iclasını şərh edən erməni politoloq Stepan Danielyan deyib.

“Çox konkret bir şey baş verir: bir bölgə var, qonşuları Türkiyə, Rusiya və İran olan Azərbaycan, Gürcüstan və Ermənistan ortaq tarixi nümunələrə malikdir. Bu üç ölkə arasında güc balansı olanda bölgədə sülh olur, qüvvələr nisbəti dəyişəndə ​​müharibə vəziyyəti yaranır. 2020-ci il müharibəsindən sonra güc balansı pozuldu, Türkiyə və Azərbaycan gücləndi”, - ekspert bildirib.

Danielyan 44 günlük müharibədən sonra Zəngəzur dəhlizi məsələsinin gündəmə gəldiyini söyləyib: “Sünik (Zəngəzur) məsələsi bundan əvvəl 1920-ci illərdə Türkiyə tərəfindən qaldırılmışdı, Türkiyə ilə Azərbaycan arasında quru əlaqəsinin olması üçün Süniki Azərbaycana birləşdirmək (əslində qaytarmaq) istəyirdilər”.

Ekspert vurğulayıb ki, regionda geosiyasi vəziyyət dəyişdiyi üçün Türkiyə yenidən bu məsələni qabardır. Danielyan İranın bununla razılaşmadığını, Türkiyə-Azərbaycan ittifaqını özünə təhlükə gördüyünü vurğulayıb.

Danelyanın sözlərinə görə, İran bölgədə Türkiyəyə qarşı balans yaratmaq üçün Ermənistanda güclənməyə çalışır. O, bu baxımdan molla rejiminin İranla Ermənistan arasındakı yolların bərpasına və tikintisinə diqqət yetirdiyini qeyd edib. Politoloqun fikrincə, İranın yollar naziri Mehrdat Bəzrpaş “Altılıq”ın görüşündən əvvəl İrəvana təsadüfən gəlməyib. İranlı nazirin səfəri çərçivəsində tərəflər arasında dövlətlərarası yolların tikintisinə və ya bərpasına dair saziş imzalanıb.

Danielyan Türkiyənin də sakit dayanmadığını, İrana qarşı həmlələrini etdiyini bildirib: “Türkiyə İranın müdaxiləsindən yan keçmək üçün dördtərəfli görüş təklif edib: Azərbaycan-Türkiyə-Rusiya-Ermənistan”.

Politoloq İranın həm özünün, həm də Ermənistanın maraqlarını ifadə etdiyini vurğulayıb. Onun fikrincə, İran indiki məqamda Ermənistanın yeganə müttəfiqi ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər