Azərbaycan komandosu vaxtilə Qarabağda separatçıqla məşğul olan, indi isə Ermənistan parlamentində deputatlıq edən Tiqran Abramyanı təşvişə salıb.
Teleqraf.com xəbər verir ki, o, Azərbaycanın 44 günlük müharibədən sonra bir an belə dayanmadığını, ordusunu gücləndirməkdə davam etdiyini söyləyib.
“Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatların prioritetləri çərçivəsində NATO-nun tərkibində fəaliyyət göstərən Türkiyə ordusunun modelinə böyük diqqət yetirilir və bu istiqamətdə irəliləyirlər. Son illər daim artan xüsusi təyinatlı qüvvələrlə yanaşı, tamamilə türk modeli olan komando tipli hərbi hissələr də hazırlanır.
Çoxlu sayda hərbi hissələr yenidən təşkil edilib, yeni taktiki dəyişikliklərin, fərdi mühafizə vasitələrinin və yeni texnologiyaların hazırlanmasına kifayət qədər diqqət yetirilir. Türkiyə ordusu ilə ahəngdar işləməklə yanaşı, xüsusilə 44 günlük müharibə zamanı və bundan sonra birgə həyata keçirilən qoşunların idarə olunması məsələsi də diqqətdədir”, - Abramyan deyib.
Deputat 44 günlük savaşdan sonra Azərbaycan ordusunun ayrı-ayrı ölkələrdən alınan ən müasir silahlarla daha da gücləndirildiyini vurğulayıb.