28 Noyabr 2023 21:42
3 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Azərbaycana qarşı qadağa siyasətində geri addım atdı. Dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəngi ABŞ-ın iki ölkə arasında vasitəçilik missiyasının bərpasına hesablanıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, rəsmi Bakı anti-Azərbaycan mövqeyini davam etdirdiyi müddətdə Vaşinqtonun vasitəçiliyində maraqlı olmayacaq:

“Vaşinqtonun vasitəçiliyində maraqlı deyilik. ABŞ Konqresində aparılan anti-Azərbaycan kampaniyası azmış kimi, Azərbaycana bəzi siyasi qadağalar da tətbiq olunub. Vaşinqton hesab edir ki, bu təzyiqlər fonunda Azərbaycan geri addım atacaq, Ermənistanla onun istədiyi şərtlərlə sülh müqaviləsinin imzalanmasına gedəcək. Amma Prezident Əliyevin Blinkenlə telefon danışıqları göstərdi ki, prinsipial və milli maraqlara söykənən siyasətdən bir addım da geri çəkilməyəcəyik.

Bilinkenin Bakıya zəngi ilə Azərbaycana qoyulmuş qadağa götürüldü. Görünür, Vaşinqtonda anlayırlar ki, Azərbaycanla əlaqələrin kəsilməsi ABŞ-ın Cənubi Qafqazdakı maraqlarına yaxşı heç vəd eləmir.

Dövlət katibinin zəngi ilə ABŞ və Azərbaycan arasında diplomatik təmasların və ikitərəfli səfərlərin davam etdirilməsi razılaşdırıldı. Hesab etmək olar ki, son günlərdə Vaşinqton və Bakı arasında soyuyan atmosfer yenidən isinməyə başlayır.

ABŞ-ın normallaşmadan yararlanaraq Azərbaycan və Ermənistan liderlərini Vaşinqtona dəvət edərək, sülh danışıqlarını okeanın o tayında davam etdirilməsini təklif edəcəyi istisna deyil. ABŞ konstruktiv davranacaqsa, Bakının bu təklifi qəbul edəcəyi mümkündür. ABŞ bunun üçün beynəlxalq hüquq normalarını heçə sayaraq, birtərəfli mövqe tutmamalıdır. Azərbaycan danışıqlarda elə tələb və şərtlərlə çıxış etmir ki, ABŞ kiminsə xeyrinə mövqe tutsun. Azərbaycanın prinsipləri beynəlxalq hüquqda təsbit olunub, ABŞ bunu qəbul etsin, bizə bəs edər. Biz demirik, ABŞ bizi dəstəkləsin, beynəlxalq hüquqdan kənara çıxmasın, vasitəçi olmaq istəyirsə, bu çərçivədə hərəkət etsin”.

Məhəmməd Əsədullazadə ABŞ-ın Azərbaycanla bağlı başqa bir marağına da diqqət çəkib:

“Azərbaycanın regionda artan rolu, Mərkəzi Asiya və Türkiyə arasındakı birləşdirici funksiyası Vaşinqtonun da marağını çəkir. Xüsusən də Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə marağın artdığı vaxtda. Bu və digər amillər ABŞ-ı regional siyasətində korrektəyə məcbur edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər