31 Yanvar 12:53
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan arasında sülh danışıqları mümkün qədər tez bərpa edilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ksavye Kolomina deyib.

“Ermənistanın xarici və müdafiə siyasətində qəbul etdiyi qərarlar (Rusiyadan uzaqlaşmaq siyasəti – red.), həyata keçirmək qərarına gəldiyi dəyişiklik bizi çox həyəcanlandırır. Bilirəm ki, bu, həyata keçirilməsi çətin qərardır, yəqin həyata keçirilməsi çox vaxt aparacaq. Biz də tərəfdaşlarımızı bizə yaxınlaşmağa təşviq edirik, Ermənistan da bunu edir”, - NATO rəsmisi bildirib.

Kolomina alyansın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarı olduğunu söyləyib:

“Bağlı olduğumuz BMT Nizamnaməsinin prinsipləri və əsas elementləri pozulmasa, tərəfdaşlarımız arasında tərəf tutmuruq. Mesaj çox aydındır: sülh danışıqlarının mümkün qədər tez bərpa olunmasını istərdik. ABŞ və Avropa Birliyi, eləcə də ikitərəfli formatları var. Bizim üçün ən vacibi yekun nəticədir, sabit sülhün olub-olmamasıdır, bu, Qafqazın sabitliyi üçün çox vacib olacaq”.

NATO rəsmisi hesab edir ki, davamlı sülhə aparan əsas amil münasibətlərin normallaşmasıdır:

“Biz bunun üçün mübarizə aparacağıq, iki ölkə arasında oxşar bir şeyin imzalanmasına gətirib çıxaracaq yolu dəstəkləyəcəyik. ABŞ və Avropa Birliyini dəstəkləyirik, eləcə də danışıqlar üçün ikitərəfli formatı. Necə irəliləyəcəkləri iki xalqın öhdəsindədir, sonda sülhə səbəb olacaq hər şeyi dəstəkləyirik. Hesab edirik ki, prosesin təməlində qoyulan prinsiplər - suverenlik və ərazi bütövlüyünə hörmət əsasdır. Bu, bizim üçün çox vacib prinsiplərdən biridir. O prinsiplərlə yanaşı, sərhədlərin delimitasiyası, qarşılıqlı anlaşma prosesin əsasını təşkil edən prinsiplərin bir hissəsi olmalıdır, hesab edirik ki, razılaşdırılmış prinsiplər indiki mərhələdə dəyişdirilməməlidir”.

Kolomina vurğulayıb ki, tərəflər danışıqları mümkün qədər tez bərpa etməlidirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər