12 Fevral 16:00
18 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistanla yeni müharibə istəmir, ancaq 8 kəndini geri qaytarmaq təşəbbüslərindən də imtina etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan Baş naziri Nikol Paşinyanın Britaniyanın “The Telegraph” nəşrinə müsahibəsi Azərbaycanda geniş müzakirə olunur. Paşinyan yenə müxtəlif müqavilələrdən danışır, guya həmin müqavilələr əsasında Azərbaycanla Ermənistan bir-birlərinin ərazi bütövlüyünü tanıyıb. Paşinyanın nəzərdə tutduğu həmin müqavilələr əsas götürülsəydi, Ermənistan Azərbaycan torpaqlarını 30 il ərzində işğalda saxlamamalıydı. Azərbaycana münasibətdə beynəlxalq hüquq və müqavilələr işləmədi, indi də Paşinyan Ermənistanın timsalında beynəlxalq hüquq və müqavilələrin işləməsini istəyir. Gecdir”, - ekspert bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan müsahibəsində ölkəsinin NATO-ya üzv olmayacağını da söyləyib:

“Ermənistan təşkilata üzv ola bilməyəcəksə, niyə üzvlüyü qarşısına hədəf qoymalıdır? Bu mənada Paşinyan Gürcüstan və Ukrayna torpaqlarının işğalından dərs alıb. Onlar da illər öncə NATO üzvlüyünü qarşılarına hədəf qoymuşdular, sonda özləri hədəf oldular. Ancaq Paşinyanın çətinliyi ondadır ki, “Rusiya artıq müttəfiqimiz deyil” deməklə yanaşı, Qərbdən lazım olan təhlükəsizlik təminatı almadığına da işarə vurub.

Təsadüfi deyil ki, ingilis jurnalist Paşinyanın bu durumunu nəzərə alaraq ona belə bir sual da verib: “Azərbaycanla üçüncü müharibədən qorxursunuz?”.

Paşinyan bölgədə güc nisbətinin Ermənistanın zərərinə olduğunu anladığına görə, cavabında suala dəxli olmayan sözlər işlədib. Paşinyan onu da bildirib ki, guya Azərbaycanla Ermənistan bir-birinə qarşı gücdən istifadə etmədiklərinə dair sənəd imzalayıb. Əlbəttə, Azərbaycan Ermənistanla yeni müharibə istəmir, ancaq 8 kəndini geri qaytarmaq təşəbbüslərindən də imtina etməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər