Ermənistan Baş naziri Nikol Paşinyan sərhəddə gərginlik və Azərbaycanla yeni müharibə istəmirsə, ilk işi “Yerkrapa” terror təşkilatının üzvlərini sərhəddən uzaqlaşdırması və tərksilah etməsi olmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu təşkilat ordu komandanlığı və hökumətə tabe deyil:
“Yerkrapa” əmrləri Rusiya hərbi agentura şəbəkəsindən tutmuş “Qarabağ klanı”nın rəhbərləyinə qədər müəyyən şəxslər verir. Təşkilatın Birinci Qarabağ Müharibəsindən başlayaraq, Rusiya hərbi agenturasıyla əməkdaşlığının uzun tarixi var. Paşinyan bu terrorçu təşkilatı tərksilah etməsə, sərhəddə təxribatlar səngiməyəcək və bu, Ermənistana baha başa gələcək.
Rəsmi Bakının İrəvana tələbləri sırasına “Yerkrapa” qruplaşması tərksilah olunaraq sərhəddən uzaqlaşdırılmalıdır” şərti də əlavə olunmalıdır.
Brüsselə də sualımız var: “Əgər erməni snayperi Azərbaycan mövqelərinə atəş açırsa, sizin Ermənistandakı fəaliyyətinizin mənası nədir, nəyin monitorinqini aparırsınız?”.
Avropalı müşahidəçilər durbinlə Azərbaycan ərazisinə baxmaq əvəzinə həmin durbini arxa tərəf çevirib baxmalıdırlar. Əsl təhlükə arxa tərəfdədir”.