18 Mart 17:44
11 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Rusiya və KTMT-yə yönəlmiş addımları düzəlməz ziyan vura bilər. Zvartnots hava limanından rus sərhəd qoşunlarının çıxarılması ilə bağlı rəsmi müraciət artıq bunun bariz nümunəsidir. Çünki Rusiya anlayır ki, bununla məhdudlaşacaq bir proses deyil. Bunun ardınca həm İran, həm də Türkiyədə duran bütün sərhəd qoşunlarının çıxarılması tələb olunacaq. Bu xüsusda Ermənistan artıq özünün sərhəd qoşunlarının xüsusi bölmələrini hazırlayır ki, gələcək perspektivdə bu xüsusi bölmələr həm Zəngəzur dəhlizində, həm də İran və Türkiyə ilə sərhəddə dura bilsinlər. Paralel olaraq Kreml bunu da bilir ki, Rusiya Sərhəd Qoşunları dolayısı ilə həm də gələcək perspektivdə Avropa Birliyi müşahidə missiyasının üzvləri sayı artırıldığı təqdirdə bu sərhəddə onlar yerləşdiriləcək.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, bu, praktiki addımdır və Rusiya artıq Ermənistanı sadəcə açıq şəkildə hədələməklə bundan geri durmasını istəyir:

“Ancaq nə qədər effektli olacaq, bu, böyük sual yaradır. Çünki sərt ritorika bu günə qədər də Ermənistan hökumətinə qarşı tətbiq olunmuşdu. Nəzərə alsaq ki, Ermənistan hökuməti gələcək inkişaf və təhlükəsizlik perspektivini Rusiya çətiri altında yox, Qərb, Avropa Birliyi ilə inteqrasiyada görürsə, və bu yöndə konkret Ermənistan rəhbərliyinə müəyyən vədlər verilirsə, İrəvanı bundan çəkindirmək mümkün olmayacaq. Bu, zaman məsələdir. Çünki Ermənistanın bütün sahələr üzrə təhlükəsizliyini təmin edəcək zamana ehtiyacı var. Bir tərəfdən ixrac etdiyi kənd təsərrüfatı, emal sənayesi məhsulları üçün yeni bazarların axtarışı, digər tərəfdən hərbi təhlükəsizlik məsələsi ilə bağlı müəyyən təminatlar var.

Kremldə ciddi əminlik var ki, Ermənistan gələcəyini Rusiya ilə birgə görmür. Rusiya bütün enerjisini Ukrayna cəbhəsinə cəlb etdiyi üçün, indiki vəziyyətdə Ermənistana yönələn ikinci bir cəbhə açmaq istəmir. Bunun Qərb dünyasının planı olduğunu da Rusiya çox gözəl anlayır. Çünki Rusiyanın iştirak etdiyi üçlük nəticəsində Qərb dünyası üçün Yaxın Şərqdə İsrail-HƏMAS sünni müharibəsi yaratdılar. Eynisini Rusiya üçün Cənubi Qafqazda Ermənistanda hazırlayırlar. Rusiya bunu bilməmiş deyil. Ona görə də hələlik yalnız ritorikanı müşahidə edirik. Düşünürəm ki, bu ritorika ilə Ermənistanı mümkün olmayacaq. Bir yerə qədər sərt ritorika davam edəcək. Sonra Qarabağ ermənilərini etiraz proseslərinə qoşmaqla hakimiyyəti devirməyə çalışırlar. Hətta keçmiş sabiq baş nazir Qrant Baqratyanı gələcəkdə yeni baş nazir kimi təqdim etməklə bir növ Qarabağ klanını yox, yeni qüvvə kimi təqdim etməklə bu etirazı tətikləmək istəyirlər. Bunun nə qədər olacağını gələcək perspektiv göstərəcək”.

Politoloq bildirib ki, Qarabağ klanının bütün “liderləri”, siyasi kapitalını çoxdan tükədib:

“Sosioloji sorğularda da Köçəryan tipindəki bir adam bir faizdən o tərəfə ictimai nüfuz qazana bilmir. Bunu Rusiya çox gözəl bilir. Məhz bu baxımdan yeni etiraz elektoratı yaratmaq və Qarabağdan öz xoşu ilə köçmüş erməniləri bu prosesə qatmaqla kütləviliyini təmin etmək istəyirlər. Bu kütləviliyi təmin edən və siyasi güc mərkəzləri özləri üçün yeni bir liderlə müəyyən ediblər ki, bu da sabiq baş nazir Qrant Baqratyandır. Qarabağ klanı ilə müqayisədə erməni ictimai tərəfindən patoloji nifrət olmayan və xüsusi təcrübəsi olan bir şəxs olduğu üçün onu irəli atıblar. Bu da ictimai rəydə və bütövlükdə etiraz elektoratının toparlanmasında nə qədər əhəmiyyətli olacaq bunu görəcəyik. Ehtimal bir o qədər də yüksək deyil”.


Müəllif: Əsəd Məmmədəliyev