18 Mart 16:18
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Voskeparda (Tavuş vilayəti) sərhəd kəndlərində yaşayan ermənilərlə görüşüb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

Nikol Paşinyan ötən həftə delimitasiya prosesinin Tavuşdan başlayacağını istisna etməyib. Bundan sonra bu istiqamətdə yerləşən Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin Azərbaycana təhvil veriləcəyi müzakirəsi qızışıb. Sözügedən kəndlər Qazax rayonunun bir hissəsidir.

Ermənistan mətbuatı baş nazirin sərhəd bölgəsində keçirdiyi görüşlərin gələcək təhvil-təslim prosesi ilə bağlı olduğunu yazır.

Paşinyanın görüş keçirdiyi Voskepar (tarixi adı Əskipara – red.) 1990-cı illərdə Ermənistan tərəfindən işğal edilən Azərbaycanın Yuxarı Əskipara kəndi ilə əsas hissəsi arasında yerləşir. "Voskepar" və digər bəzi ərazilərimizin sovet dönəmində qanunsuz şəkildə Ermənistana verilməsi Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərini Azərbaycanın əsas hissəsindən ayıraraq eksklava çevirib.

Ermənilər Əskiparanı 1950-ci ildən “Voskepar” adlandırırlar.


Müəllif: Mənsur Rəğbətoğlu