Ləğv edilmiş separatçı qurumun “təhlükəsizlik şurasının katibi”, hərbi cinayətkar Vitali Balasanyan Ermənistana gəldikdən sonra Korrupsiyaya qarşı Mübarizə Komitəsində dindirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “24News” kanalı məlumat yayıb.
Kanalın iddiasına görə, istintaq Balasanyan və qohumlarının Azərbaycan-Ermənistan sərhədini necə keçmələrini öyrənməyə çalışıb.
Öz vasitəçilərini Ermənistan baş nazirinin hüzuruna göndərən separatçının Qarabağla bağlı sayıqlaması da diqqət çəkib:
“Balasanyan bir neçə dəfə dindirildikdən sonra Ermənistan Baş naziri Nikol Paşinyanla vasitəçi ilə əlaqə saxlayıb və bildirib ki, hakimiyyət dəyişikliyi prosesində iştirak etmək və siyasi proseslərə qarışmaq niyyətində deyil.
Balasanyan Paşinyana çatdırıb ki, Qarabağ erməniləri nə vaxtsa “hansısa status” və ya zəmanətlə Qarabağa qayıdana qədər susaraq Ermənistanda gözləyəcək. O, buna görə Ermənistan baş nazirindən rahat buraxılmasını xahiş edib.”
Kanal qeyd edir ki, Balasanyanın Ermənistana gəldikdən sonra publika qarşısında görünməməsi və susmasının səbəbi budur.
Separatçının “status və ya zəmanət” iddiasına gəlincə, artıq belə bir status və zəmanət var: Azərbaycan dövlətinin himayəsi və tərkibində Azərbaycan vətəndaşı kimi yaşamaq. Bunu qəbul edənlər indi burada yaşayırlar, etməyənlər də gediblər. Balasanyanın özü isə əvvəlcə törətdiyi cinayətlərin cəzasını çəkməlidir, hüquq qarşısında cavab verməlidir.