ABŞ və Avropa Birliyi Ukraynada Rusiya ilə geosiyasi toqquşmada fikir ayrılıqlarını aradan qaldıra bilmir, amma Ermənistana dəstəkdə ortaq fikrə malikdirlər.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun fikrincə, Qərb Ukraynada hərbi müstəvidə Rusiyaya məğlub olur:
“Rusiyanın Cənubi Qafqaz və Şərqi Avropadakı mövqelərini zəiflətmək üçün ən uyğun meydan Ukraynadır. ABŞ burada Ukraynanı Rusiya ilə təkbətək buraxıb. Üç aydır ABŞ-dən Ukraynaya silah göndərilmir. Amma Ermənistana hərbi təlimatçılar göndərirlər. Üstəgəl, Ukraynaya göndərmədikləri canlı qüvvələrini Ermənistana göndərirmiş kimi təəssürat yaradırlar. Guya Vaşinqton və Brüssel Rusiyanı Ermənistandan çıxarır, ona təhlükəsizlik vədi verirlər. Çox ciddi strateji səhvə yol verirlər.
Əgər Vaşinqton Rusiyanı Cənubi Qafqaz və ya Ermənistandan çıxarmaq istəyirsə, İrəvana ciddi təzyiq edib Azərbaycanla sülhə məcbur etməlidir. Rusiyanın bölgə və Ermənistandakı mövqelərini bununla zəiflətmək olar. Amma bunun əksinin şahidi oluruq. Rusiya Ukraynada qalib gəlsə, Qərbin dəstəklədiyi Nikol Paşinyani bir sutkadan da tez devirəcək.
Rusiya Ukraynada qalib gəlsə, Cənubi Qafqaza aqressiv şəkildə girmək istəyəcək, bu da region üçün ciddi təhlükə deməkdir”.
Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ və Avropa Birliyi Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyirsə, Ukraynanın qələbəsinə zəmin yaratmalı, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını təşviq etməlidir:
“Hazırda Qərb bunun əvəzinə Azərbaycanın üzərinə gəlir, guya Ermənistan ərazilərinə buradan müdaxilə riski var. Amma hər gün Ukraynada yüzlərlə insanın ölümünə seyirçi qalır. Qərb Ukraynaya dəstək əvəzinə Cənubi Qafqazda əlavə problemlər yaradır. Hesab edirlər ki, bununla Rusiyaya qarşı ikinci cəbhə açacaqlar və Ukraynada nəyəsə nail olacaqlar. Amma burada nə ikinci cəbhə açılacaq, nə də Ukraynada nəyəsə nail olacaqlar. Ən azı mövcud gedişat bunu göstərir.
Ermənistan rəhbərliyi Qərbin Ukrayna siyasətinin mənfi nəticələrini görmək istəmir. Hansısa vədlərə arxalanaraq Azərbaycanla sülh danışıqlarını davam etdirmək yerinə sərhəddə ordu yığır. Ciddi şəkildə bölgədə sülhə mane olunur, bunu edən təkcə Qərb yox, həm də Rusiyadır. Bunun fəsadları isə Ermənistan üçün ağır olacaq, onun üçün yeganə çıxış yolu sülhdür”.