Kanada xarici işlər naziri Melani Coli ölkəsinin ilk müşahidəçisinin Avropa Birliyinin (AB) Ermənistandakı “mülki missiya”sına qoşulmasını alqışlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Keçən il (Ermənistana) səfərimdən sonra əsas prioritet Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin edilməsi yollarını araşdırmaq, o cümlədən Ermənistanın ərazi bütövlüyünə hörmət idi. Biz Aleksandr Qruşevskinin Kanadadan olan ilk mütəxəssis kimi AB-nin Ermənistandakı mülki müşahidə missiyasına qoşulmasını alqışlayırıq”, - Coli qeyd edib.
Dünən AB missiyası Aleksandr Qruşevskinin Kanadadan missiyaya qoşulduğunu açıqlamışdı. Kanada bu missiyada yer alan ilk qeyri-Avropa ölkəsidir.
AB-nin tərkibi məlum olmayan missiyasının şərti sərhəddəki fəaliyyəti və fəallığı Azərbaycan tərəfindən etirazla qarşılanıb. Ekspertlərə görə, missiya casus və kəşfiyyatçılardan ibarətdir. Belə bir etiraz rəsmi qaydada Rusiya tərəfindən də dilə gətirilib.
Kanadaya gəlincə, bu ölkə Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra aşkar formada Ermənistanı dəstəkləməyə başlayan Qərb dövlətləri sırasında yer alır.