20 İyun 13:47
4 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC)-Azərbaycan əlaqələri inamlı addımlarla irəliləyir. Xüsusilə 2024 ŞKTC-Azərbaycan münasibətləri üçün dönüş ili oldu. Azərbaycan Milli Məclisinin aprelin 5-də qəbul etdiyi “Azərbaycan-ŞKTC Parlamentlərarası Əlaqələr İşçi Qrupu”nun yaradılması haqqında qərarı Azərbaycanın ŞKTC-ni tanımaq üçün ilk dolayı addımı kimi şərh edilir.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Barış Adıbelli “TRT Haber”ə deyib.

Adıbelli bildirib ki, Azərbaycanın bu günə qədər ŞKTC-ni tanımasına mane olan mühüm amillərdən biri Avropa Birliyinin işğal dövründə Qarabağdakı qondarma rejim üzərindən təhdidləri idi:

“Birbaşa etməsələr də, hər fürsətdə dolayı yolla bunun üzərindən Azərbaycanı təhdid edirdilər. 2020-ci ildə Qarabağ işğaldan azad ediləndən sonra Avropa bu kozırını itirdi. Həqiqətən də bu dövrdən etibarən Azərbaycan-ŞKTC münasibətlərində nəzərəçarpacaq irəliləyiş var. 2021-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması və Türkiyə ilə Azərbaycan arasında Suşa Bəyannaməsinin imzalanması, ən əsası Qarabağın yenidən azad edilərək türk dünyasının bir parçası olması KKTC-ni daha da önə çıxardı və görünən hala gətirdi”.

Analitik hesab edir ki, ŞKTC-nin tanınması ilk növbədə TDT-yə üzv dövlətlərin üzərinə düşür:

“Bu dövlətlər bunu etdikdən sonra digər ölkələr də bu yolla gedəcəklər, amma ilk addımı atmalı olan dövlətlər türk dövlətləridir. Bu baxımdan, türk dövlətləri arasında ilk addımı atacaq ölkə qardaş Azərbaycandır. Türkiyə Qarabağın azad olunmasında üzərinə düşəni edib. İndi növbə Azərbaycanındır. “Bir Millət, Üç Dövlət” şüarı ilə ŞKTC-nin qurtuluşunda üzərinə düşəni edəcək”.

Adıbellinin fikrincə, türk dünyası birlikdə hərəkət etməlidir:

“Dövlətlər içində olduqları beynəlxalq sistemi və konyukturanı nəzərə almalıdırlar. Bu baxımdan ŞKTC-nin tanınmasını istəyən dövlətlər kimi, bunun qarşısını almaq üçün əlindən gələni edən güclər də var. Bu səbəbdən türk dünyası və türk dövlətləri yalnız birlikdə hərəkət etdikdə bu çətinliklərin öhdəsindən gələ bilərlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər