ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına çalışır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı ikitərəfli danışıqlar aparır:
“ABŞ Dövlət katibinin müavinlərinin İrəvana səfərlərindən sonra dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi müqavilənin bağlanmasına hesablanıb.
ABŞ-dən fərqli olaraq, Rusiya sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır. Hətta Kreml İrəvana o mesajları verir ki, Qərb Ermənistanın maraqlarını nəzərə almır, Rusiya ilə sıx əməkdaşlıq və müttəfiqlik davam edərsə, maraqları qorunacaq. Yəni Moskva dolayı yolla İrəvana deyir ki, yenə Azərbaycana qarşı ərazi iddialarına dəstək verə bilər.
Ötən günlərdə Nikol Paşinyan eyham vuraraq, Ermənistanı qonşuları ilə düşmən etmək istəyənlərin olduğunu söyləmişdi. Rusiya anlayır ki, Ermənistan rəhbərliyini tərəfinə çəkə bilməyəcək, buna görə də İrəvanda hakimiyyət dəyişikliyi üçün maksimum çalışır. Kremlin bir hədəfi var: sülhə mane olmaq.
ABŞ və Türkiyə sülhə çalışır. Prezident Rəcəb Tayyib Ərdoğanın Paşinyanla telefon danışığı da bu aktiv səylərə daxildir. Görünən budur ki, Azərbaycan, Türkiyə, ABŞ və Ermənistan sülh müqaviləsi üzərində işləyir. Hazırlığı noyabradək tamamlayıb müqaviləni imzalamaq olar”.