Keçmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan həbs edilə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr siyasi mənbələrə istinadla yazır ki, separatçının həbsi yaxın vaxtlarda reallaşa bilər. Mənbənin iddiasına görə, ötən həftə onun “xidməti avtomobil”inin Ermənistan hökuməti tərəfindən müsadirəsi təsadüfi deyil.
İyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları separatçıların İrəvandakı ofisinə basqın edərək, Şahramanyanın avtomobilini müsadirə ediblər. Nəşrin yazdığına görə, bu, Şahramanyanın Qarabağ ermənilərinin keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkata qatılmaq hüququnun olduğunu bəyan etməsindən sonra baş verib.
Nəşr qeyd edir ki, Baqratla görüşdən sonra Xankəndi, Əsgəran və Xocavəndin “keçmiş merlər”i də həbs edilib.
Ötən günlərdə Ermənistan parlamentinin spikeri Alen Simonyan Qalstanyanın fiaskoya uğrayan hərəkatına rəhbərlik edəcək mümkün namizədləri sadlayarkən Samvel Şahramanyanın da adını çəkmişdi. Görünən budur ki, spikerin “Rusiyanın adamı” adlandırdığı Şahramanyan İrəvandakı qarışıqlıqdan istifadə edərək siyasi iddiasını ortaya qoyub. Hesab etmək olar ki, o və digər separatçıları bitirən bu iddialarıdır.