28 İyul 21:02
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Peşə fəaliyyətimi yerinə yetirərkən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qalmağımla bağlı məsələ Vəkillər Kollegiyasının rəhbərliyinin nəzarəti altındadır. İnanıram ki, bu məsələ tez bir zamanda öz ədalətli həllini tapacaq”.

Bunu Teleqraf.com-a Vəkillər Kollegiyasının üzvü, vəkil Toğrul Rzayev bildirib.

O qeyd edib ki, hadisə ilə bağlı Vəkillər Kollegiyasının rəhbərliyi ilk gündən diqqət və qayğısını göstərib:

“Peşə fəaliyyətim və müvəkkilimin hüquqlarının müdafiəsi ilə bağlı yaranmış problem barədə Vəkillər Kollegiyasının rəhbərliyinə müraciət etdim. Müraciətimdən dərhal sonra Kollegiyanın sədri Anar Bağırov diqqət və qayğısını əsirgəmədi. Məsələnin qısa zaman ərzində müsbət həll olunacağına inanıram. Göstərilən diqqət və qayğıya görə öz və vəkil korpusu adından başda cənab sədr Anar Bağırov olmaqla Kollegiyanın bütün rəhbərliyə minnətdaram. Xüsusi ilə vurğulamaq istəyirəm ki, Anar Bağırov həmişə Vəkillər Kollegiyasının nüfuzunu qaldırıb, eyni zamanda vəkillərin hüquqlarının qorunması üçün durmadan çalışır".

Kollegiya üzvü əlavə edib ki, vəkillik hər bir dövlətin vəndaşlarının fundamental hüquqlarının keşiyində duran mühüm institutdur: "Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə bəzi şəxslər məsələni şişirdir və öz məqsədlərinə uyğun şəkildə istifadə edirlər. Onlar vəkilliyin nüfuzuna, fəaliyyətinə xələl gətirməyə çalışırlar. Bu isə yolverilməzdir. Xahiş edirəm ki, həmin şəxslər bu barədə paylaşım edərkən diqqətli olsunlar”.

***

19:21

Daxili İşlər Nazirliyi vəkil Toğrul Rzayevin peşə fəaliyyətini yerinə yetirərkən polis tərəfindən təzyiqə məruz qalması iddialarına aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib ki, vəkil Toğrul Rzayevin Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi üzrə hüquqlarını müdafiə etdiyi şəxslə görüşməsinə şərait yaradılmadığına dair iddiaları şəxsi mülahizələridir.

“Vətəndaş N.İsrəfilov 23.07.2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək Cavadxan küçəsi 30 ünvanında yerləşən iş otağından ona məxsus qızıl-zinət əşyalarının tanışı Zəkiyev Asif Şükür oğlu tərəfindən oğurlandığını bildirməklə tədbir görülməsini xahiş edib.

Fakta görə Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılaraq A.Zəkiyev şübhəli şəxs qismində tutulub. Elə həmin gün 23.07.2024-cü il tarixdə vəkil Toğrul Rzayev şübhəli şəxs A.Zəkiyevin hüquqlarının müdafiə olunması məqsədi ilə order təqdim edib və ona şübhəli şəxslə konfidensial şəraitdə görüş üçün şərait yaradılıb. Buna baxmayaraq iyulun 25-də A.Zəkiyev ibtidai araşdırmaya qoşulan digər vəkilin iştirakı ilə ərizə ilə müraciət edərək T.Rzayev tərəfindən hüquqlarının müdafiə olunmasından könüllü imtina edib. Buna görə həmin tarixdə vəkil T.Rzayevin cinayət prosesində iştirakına xitam verilib.

A.Zəkiyevin ifadəsi yerində yoxlanılıb və yaşadığı ünvandan oğurluq yolu ilə ələ keçirdiyi 2.700 manat dəyərində 1 ədəd qızıl üzük, 8.000 manat dəyərində 1 ədəd qızıl qolbağ və 4.500 manat dəyərində 1 ədəd qızıl qol saatı götürülüb.

İfadənin yerində yoxlanılması zamanı cinayət prosesində iştirakına xitam verilməsinə baxmayaraq vəkil T. Rzayev hadisə yerinə gələrək istintaq hərəkətinin keçirilməsinə qəsdən müdaxilə etməklə maneçilik göstərib”, - qurum rəsmisi bildirib.

Qeyd olunub ki, təqsirləndirilən şəxsin ondan imtina etməsinə baxmayaraq T.Rzayev məqsədli şəkildə əsassız olaraq səs-küy salıb, vəkillik fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verib:

“Vəkil T. Rzayevin fəaliyyətinə polis əməkdaşları tərəfindən müdaxilə edilməyib, təqsirləndirilən şəxsin başqa vəkilə müraciəti nəzərə alınaraq o, prosesdən kənarlaşdırılıb”.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər