Azərbaycan-Ermənistan danışıqları üçün ən düzgün format ikitərəfli formatdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
Baş nazir Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində hər hansı rol alıb-almayacağı ilə bağlı suala belə cavab verib:
“Biz sülh prosesində bütün beynəlxalq tərəfdaşlarımızın dəstəyini yüksək qiymətləndiririk. Digər tərəfdən, qeyd etdiyim kimi, Azərbaycanla iş uzun müddətdir ikitərəfli formatda aparılır və deyə bilərik ki, ötən ilin dekabrında imzalanmış birgə bəyanatdan başlayaraq, bu ilin 19 aprel tarixli bəyanatı ilə davam edən bu format müəyyən qədər səmərəliliyini göstərib. Dünən də delimitasiya komissiyalarının birgə fəaliyyətinin reqlamenti imzalanıb.
Hesab edirik ki, bu məsələ ilə bağlı qərar qəbul etməliyik. Çünki ümumi anlayış ondan ibarət idi ki, indiki mərhələdə biz ikitərəfli formatda işləyirik və nə qədər o formatda irəli gedə bilərik, məncə, bu, doğru formatdır.
Mən bu barədə Rusiya prezidentinə (Vladimir Putin) son telefon danışığımızda birbaşa və səmimi söylədim. Digər tərəfdən, hər bir işin ayrıca vaxt çərçivəsində müzakirə edilməli olduğunu vurğulayaraq, başqa formatda da işi istisna etdiyimi deyə bilmərəm”.
Baş nazir Prezident İlham Əliyevlə sərhəddə görüşməyə hazır olduğunu da iddia edib:
“Üstəlik, hər hansı digər format istisna olmaqla, ən yüksək səviyyədə görüşün keçirilməsi üçün vaxt yetişəndə hesab edirəm ki, bu, Ermənistan-Azərbaycan sərhədində, sərhədin delimitasiya komissiyalarının toplaşdığı yerdə baş verə bilər və mən belə təmaslara hazıram”.
Rusiya prezidenti Bakı səfərində Ermənistanla Azərbaycan arasındakı məsələlərin həllinə yardım etməyə hazır olduqlarını söyləmişdi.