Ermənistan-Azərbaycan sülh müqaviləsinin məzmunu ictimaiyyətdən gizli deyil.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
“Bu proses şəffafdır, biz həmişə proseslər barədə məlumat veririk, bütün görüşlərlə bağlı müvafiq press-relizlər yayımlanır, məzmunla bağlı həmişə həm baş nazir, həm də xarici işlər naziri ictimaiyyəti məlumatlandırır”, – Kostanyan bildirib.
Onun iddiasına görə, artıq razılaşdırılmış məqamlar ən azı iki ölkə arasında diplomatik münasibətlərin qurulması (sülh müqaviləsinin imzalanması) və qalan məsələlər üzrə müzakirələrin davam etdirilməsi üçün kifayətdir.
Kostanyan “Azərbaycan niyə Ermənistanın bu variantı ilə razılaşmır, buna səbəb Ermənistan Konstitusiyasıdırmı” sualınını belə cavablandırıb:
“Rəsmi Bakının qaldırdığı narahatlıqlar artıq cavablandırılıb, sərhədlərin delimitasiyasının əsasnaməsinin təsdiqi prosesində Konstitusiya Məhkəməsi Bakının narahatlığı ilə bağlı müvafiq şərhlər verib”.
Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycana qarşı ərazi iddiasının yer aldığı bu ölkənin Müstəqillik Bəyannaməsinin heç bir hüquqi əhəmiyyət daşımayan sənəd olduğunu bəyan edib.
Məhkəmə bildirib ki, Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının işinə dair imzalanmış əsasnamə Konstitusiyaya uyğundur. Həmçinin məhkəmə Müstəqillik Bəyannaməsinin konstitusion məqsəd daşımadığını iddia edib. Bu, sülh müqaviləsinin imzalanması üçün Bakının əsas şərtidir.