5 May 2015 20:30
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2015 birinci Avropa Oyunlarının məşəlinin növbəti dayanacağı Hacıqabul rayonu olub. Bu münasibətlə keçirilən mərasimə qatılan minlərlə hacıqabullu estafet iştirakçılarını böyük sevinclə qarşılayıb.


Mayın 5-də birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərindən Hacıqabula gətirilib.


Birinci Avropa Oyunlarının rəmzi qapısında Hacıqabul şəhər 5 saylı tam orta məktəbin şagirdi Əli Rüstəmov məşəli qəbul etdikdən sonra yürüşə start verildi. On məşəlçi 3,9 kilometr məsafədə yürüşə başladı. İdmançılar Məhəmməd Əsədov, İsmət Qayıbov küçələri və Heydər Əliyev prospekti boyunca hərəkət etməklə, məşəli şəhərin mərkəzi meydanına gətirdilər.

Birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları meydana toplaşanlar hərarətlə qarşıladılar.

Karate-kobudo idman növü üzrə məşqçi-müəllim Elnur Şəfiyev meydanda quraşdırılmış səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı.

Hacıqabul şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, voleybolçu Ayşən Şükürova Avropa Oyunlarının çırağını yandıraraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyevaya təhvil verdi.

Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Hacıqabul rayon təhsil şöbəsinin müdiri Balaxanım Ələsgərova da estafet iştirakçılarını qarşılayanlar arasında idi. O, sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “İlk Avropa Oyunları ölkəmizin iqtisadi, siyasi nüfuzunun növbəti uğuru kimi dünyaya səs salıb. Bir vətəndaş olaraq bundan qürur duyuram. Avropa Oyunlarının məşəli bizim rayonumuza da səyahət etdi. Uşaqdan böyüyə kimi hamı böyük coşqu və hərarətlə qarşılanma mərasiminə qatılıb. İnsanların üzündə fərəh, sevinc var. Bu anı bizə bəxş etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Rayon Mərkəzi Xəstəxanasının həkimi Hafiz Bəşirov isə ilk Avropa Oyunlarının məşəlinin Hacıqabula da səfər etməsinin yaddaşlardan heç vaxt silinməyəcəyini bildirib: “Gördüyünüz kimi, qarşılanma mərasiminə minlərlə sakin qatılıb. Həyəcanla tarixi anlara şahidlik edirik. Bu əlamətdar hadisə Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin parlaq nəticələrindən biri kimi hamımızda qürur doğurur. Ona görə də dövlətimizin başçısına, həmçinin Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarıq”.

Hacıqabulda alovlandırılan birinci Avropa Oyunlarının məşəli Saatlı rayonuna yola salındı.


Müəllif:

Oxşar xəbərlər