9 May 2015 08:44
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Los Anceles şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda keçirilən tədbirdə Los-Anceles vilayətinin rəsmiləri, xarici diplomatlar, Azərbaycan diasporunun və müxtəlif icmaların fəalları, yerli KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə çıxış edərək Heydər Əliyevin uğurlu həyat yolundan və Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib. Baş konsul vurğulayıb ki, Ulu Öndər xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdaraq Azərbaycanı böyük bəlalardan xilas edib, ölkəmizin müstəqilliyinin qorunmasında və daha da gücləndirilməsində misilsiz rol oynayıb. O, Ümummilli Liderin Azərbaycan dövlətçiliyi və Azərbaycançılıq ideologiyası uğrunda göstərdiyi böyük fədakarlıqlardan danışaraq onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd edib. Baş konsul Ulu Öndərin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və nəticədə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən və müasirləşən dövlətlərindən birinə çevrildiyini bildirib.

Sonra Los-Ancelesin nüfuzlu kardioloq həkimi, tanınmış UCLA Universitetinin professoru İzhar Xaruzi çıxış edərək Azərbaycan haqqında fikirlərini bölüşüb. Azərbaycana səfərindən danışan İzhar Xaruzi ölkəmizin inkişafının onda dərin təəssüratlar yaratdığını, xüsusilə müxtəlif dini etiqadlara dövlət səviyyəsində göstərilən qayğının nümunəvi olduğunu bildirib. İ.Xaruzi multikulturalizm və tolerantlıq siyasətinin əsasının bir dövlət siyasəti olaraq Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq, bu siyasətin bu gün də uğurla davam etdirilməsinin təqdirəlayiq hal olduğunu qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan icmasının fəallarından Piruz Xanlı Heydər Əliyevlə bağlı şəxsi xatirələrini iştirakçılarla bölüşüb. P.Xanlı Ümummilli Liderlə dəfələrlə görüşdüyünü qeyd edərək onun dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da yaşayan azərbaycanlılara göstərdiyi diqqətin və xoş münasibətin unudulmaz olduğunu bildirib. Ümummilli Liderin güclü siyasi xadim olmaqla yanaşı, böyük insan və vətənpərvər olduğunu söyləyən P.Xanlı Heydər Əliyevin iti zəkasının, incə yumor hissinin və insanı anlamaq bacarığının onu daim valeh etdiyini qeyd edib.

Tədbir bədii hissə ilə davam edib. Gitara, fleyta və vokal sənətçilərindən ibarət trio konsert proqramı ilə çıxış edərək Azərbaycan, türk və ABŞ bəstəkarlarının əsərlərindən klassik və populyar musiqilər səsləndiriblər.

Daha sonra qonaqlar Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.


Müəllif:

Oxşar xəbərlər