“Bu gün Azərbaycan gəncliyi qarşısında yeni vəzifələr qoyulub. Hesab edirəm ki, gənclik ona edilən çağırışı təhlil edib, müasir dövrün tələblərinə cavab verməlidir”.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Emil Hüseynli Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin IV hesabat-seçki konfransında çıxışını şərh edərkən deyib.
E.Hüseynli bildirib ki, bu gün dünyada baş verən qlobal proseslər onu göstərir ki, Azərbaycan gəncliyi daha savadlı olmalı, dünya cəmiyyətinə inteqrasiya etməlidir: “Bu gün gənclərdə vətənpərvərlik, dövlətçilik hissləri aşılanmasa, bununla bərabər dünyəvilik aşılanmasa, sabah Azərbaycan təhlükələrlə üzləşə bilər. Çünki hər bir dövlətin gələcəyi, inkişafı onun gənclərindən asılıdır”.
QHT sədrinin sözlərinə görə, gənclər dövlətin ona göstərdiyi qayğıdan maksimum istifadə edib, intellektini artırmalı, gələcəyə hesablanan prioritetlərini müəyyənləşdirməlidirlər: “Gənclər Azərbaycana qarşı yarana biləcək təhlükəni qabaqcadan dəf etmək üçün səylərini artırmalı, gənclər təşkilatları koordinasiyalı şəkildə işlərini qurmalıdırlar”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin IV hesabat-seçki konfransında çıxışı zamanı bildirib ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və ölkəmizin gələcək inkişafına töhfələrini verməlidirlər: “Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir. Hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır. Hər bir gənc milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir”.