1 İyul 2015 16:05
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal iqlim dəyişikliyi ilə əlaqədar bu yay da Azərbaycan ərazisində quraqlığın olacağı gözlənilir.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan məlumat veriblər.

İnstitutdan bildirilib ki, bu ilin iyul və avqust aylarında havanın temperaturu iqlim normasından bir qədər yüksək olacaq. Yağıntıların miqdarı isə normadan az olmaqla, iqlim normasının 65-70 faizini təşkil edəcək. Bu da Azərbaycanın müəyyən ərazilərində, xüsusilə, Aran rayonlarında quraqlığın yaranmasına səbəb olacaq. Mərkəzi Aran rayonlarında quraqlığın özünü daha intensiv şəkildə göstərəcəyi proqnozlaşdırılır.

İyul və avqust aylarında isti küləklərin də intensivliyi artacaq ki, bu da quraqlığın daha kəskin xarakter almasına gətirib çıxaracaq.

Əsas quraqlıq dövrünün isə iyulun 20-dən avqustun 20-dək olan dövrdə müşahidə ediləcəyi gözlənilir.

İnstitutdan bildirilib ki, keçənilki quraqlıq dövründə quru, isti küləklər bir qədər az müşahidə edildiyi üçün quraqlığın davamlılığı da az oldu. Amma bu il isti küləklər bir qədər çox müşahidə ediləcəyindən quraqlığın da ötən ilə nisbətən kəskin olacağı gözlənilir.

Quraqlığın təsiri nəticəsində əkin sahələrindəki kənd təsərrüfatı bitkilərinin yarpaqları vaxtından əvvəl quruya bilər. Builki quraqlığın kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının aşağı düşməsinə də səbəb olacağı gözlənilir.

Quraqlıq təbiət hadisəsi olmasına və onun qarşısının alınmasının çətin olmasına baxmayaraq, meşə zolaqlarının sayının artırılması onun fəsadlarının qarşısının alınmasında müsbət rol oynaya bilər.

Qeyd edək ki, bu il Azərbaycanla yanaşı, Şərqi Avropa düzənliyində və Türkiyədə də quraqlıq müşahidə olunacaq.


Müəllif:

Oxşar xəbərlər