Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun Latviyaya rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Z.Həsənov iyulun 8-dən Latviya prezidenti vəzifələrinin icrasına başlayacaq hazırkı müdafiə naziri Raymonds Veyonis ilə görüşüb.
Rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Latviyaya rəsmi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycanın müdafiə naziri Latviya prezidenti vəzifəsinə seçilməsi münasibətilə Raymonds Veyonisi təbrik edib və ona bu yüksək dövlət fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə regional təhlükəsizlik, Silahlı Qüvvələrin inkişafı və ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verildiyi vurğulanıb.
“Bizim ikitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübəmiz mövcuddur. Müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi qarşılıqlı surətdə Silahlı Qüvvələrimizin möhkəmlənməsinə kömək edəcəkdir” - deyə general-polkovnik Z.Həsənov bildirib.
Cənab R.Veyonis öz növbəsində Latviyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.
Sonra Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin durumu, Azərbaycan ilə Latviya arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Latviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Raimonds Qraube iştirak edib.
Qeyd edək ki, səfər iyulun 4-də başa çatacaqdır.
BƏXTİYAR