“Azərbaycanda səhiyyə sahəsi uğurla inkişaf edir. Dövlətimiz bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır”. Bu fikirləri Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov deyib. R.Məmmədhəsənov bildirib ki, ölkəmizdə sahənin inkişafı milli lider Heydər Əliyevin adı ilə bağlıdır.
“Son illər regionlarımızda yüzlərlə tibb ocaqları tikilib istifadəyə verilib ki, onlar da əhalinin sağlamlığına xidmət edir. Bu tibb müəssisələrinin bir çoxunun təməlqoyma və açılış mərasimlərində dövlət başçısı şəxsən iştirak edib. Məsələn, mənim çalışdığım Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının təməlini qoyan prezident onun açılış mərasimində də iştirak edib. Yəni dövlət başçısı bu sahənin inkişafına xüsusi diqqət yetirir. Mən MDB-də elə ölkə tanımıram ki, səhiyyə ilə bağlı 11 dövlət proqramı həyata keçirsin. Ölkəmizdə yod çatışmazlığı, şəkərli diabet xəstələrinə dövlət qayğısı, xroniki böyrək çatışmazlığı, onkoloji xəstəliklər, vərəm və s. xəstəliklərlə bağlı dövlət proqramları qəbul edilərək icra olunur. Bütün proqramlara əsasən xəstələr dövlət vəsaiti hesabına müalicə olunur, onların dərmanları dövlət tərəfindən verilir Yəni, dövlət bu sahəyə xüsusi fikir verir. Bütün bunların hamısı dövlətin öz vətəndaşına qayğısıdır”, – deyə R.Məmmədhəsənov vurğulayıb.
Səxavət