Xalq artisti Habil Əliyev dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, kaman ustası az öncə öz evində vəfat edib.
Qeyd edək ki, Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.
1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib.
H. Əliyev “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı verib.
Kaman ustası keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub, ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.
1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub.
Habil Əliyev səhhətində yaranan problemlərə görə bu il avqustun 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Daha sonra müayinəsini evdə davam etdirən xalq artisti bir neçə gün öncə komaya düşmüşdü.
Allah rəhmət eləsin!