Prezident İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş dünənki müşavirədə bildirib ki, bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi və sosial müdafiəsi təmin olunur: “Çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək. Bu il iqtisadi inkişaf Azərbaycanda çox sürətlidir. Gələn ay biz ənənəvi olaraq hökumətin geniş iclasında 9 ayın yekunlarını müzakirə edərək bunlara da toxunacağıq. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, biz çox yüksək nəticələrlə ili başa vuracağıq.
Ümumi Daxili Məhsul təxminən 6 faiz artıb, qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artıb, inflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artıb. Qeyri-neft sənayesində 14 faiz artım var. Yəni bütün bunlar böhranlı ildə əldə edilən nailiyyətlərdir".
Prezident deyib ki, dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir: “İlk növbədə, bizim güclü siyasi iradəmiz var. Biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, düşünülmüş iqtisadi siyasət və uzun illər aparılan islahatlardır ki, bu islalatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bu il ”Fitch Ratings" agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Bizim “BBB-” səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir və mətbuatda da çox qısa xəbər kimi təqdim edilmişdi, halbuki bu, çox böyük hadisədir. İndi baxsınlar başqa ölkələrin kredit reytinqlərinə. Hamısı aşağı düşür, Azərbaycanda isə sabitdir.
Nəyə görə? Əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar. “Azərbaycanda neft hasilatı var, ona görə də Azərbaycan inkişaf edir”. Yaxşı, neft hasilatı Azərbaycanda artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Yenə də biz inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Anti-Azərbaycan qüvvələri, islamofob qüvvələri, bizim müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, bizim işimizə kölgə salsınlar. Bu gün də bizə qarşı çirkin kampaniya davam edir - Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı, indi də. Nəyə görə? Çünki biz ölkəmizi qoruyuruq. İmkan vermirik ki, “beşinci kolon”, milli satqınlar, xainlər burada meydan oxusunlar və imkan verməyəcəyik.
Bax, budur bugünkü ümumi siyasi və iqtisadi mənzərə. Mən bir də demək istəyirəm ki, ilin sonuna qədər biz bütün lazımi tədbirləri görəcəyik ki, iqtisadi inkişaf davam etsin. Və gələn il əlbəttə ki, hökumət daha fəal, çevik işləməlidir ki, bizim iqtisadiyyatımız gələn il də artsın".
Məlumdur ki, iqtisadi reytinqlər beynəlxalq investorlara yol göstərməsi baxımından çox önəmlidir. Reytinq təşkilatlarının proqnozları bir ölkədə uzun və ya qısa müddətli investisiya və biznes qərarlar verməkdə olan sərmayəçiləri istiqamətləndirir. Bəzi xarici fondlar bir ölkəyə investisiya qoyacaqları zaman həmin ölkənin kredit dərəcəsinə diqqət edirlər.
Ölkələrin kredit reytinqi bir ölkədəki investisiya mühitinin risk səviyyəsini ifadə edir. Reytinq analizi, dərəcəni əldə edəcək ölkənin iqtisadi və siyasi performansının keçmişinə və mövcud vəziyyətinə baxılmaqla aparılır.
Beynəlxalq kredit reytinq təşkilatları bir ölkənin kredit qeydinin təyini zamanı bəzi meyarlardan istifadə edərlər. Bu meyarlar içərisində ölkənin böyümə potensialı və iqtisadi sabitliyi, xarici siyasət əlaqələri, siyasi gündəmdəki riskləri, mərkəz bankının müstəqillik dərəcəsi kimi dəyərləndirmələr yer alır.
Hazırda dünyada ən nüfuzlu və ciddi agentlik olaraq “Fitch Ratings”in qiymətləndirməsi böyük marağa səbəb olur.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyir ki, bu şirkətin analizi dünyada ən ciddi və nüfuzlu qiymətləndirmə kimi dəyərləndirilir: “Məlum olduluğu kimi agentlik Azərbaycanın reytinqini ”BBB-" sabit ölçüsündə saxlayıb. Bir sıra xarici dairələr isə proqnolaşdırırdılar ki, “Fitch Ratings” Azərbaycanın reytinqini aşağı salacaq, onlar bunu neft qiymətlərinin enişi və manatın devalvasiyası ilə əlaqələndirirdilər. Amma göründüyü kimi bu proqnozlar özünü doğrultmadı. Agentliyin isə Azərbaycanın iqtisadiyyatının gələcəyi ilə bağlı müsbət proqnozları vardı.
Ümumiyyətlə, xarici investisiyaların cəlbi, Azərbaycan şirkətlərinin xaricdə istiqrazlarını yüksək səviyyədə yerləşdirmək və əldə olunan gəlirləri qoruyub saxlamaq baxımından pozitiv proqnozlar çox vacib idi".
Ekspert deyir ki, “Fitch Ratings”in ölkəmizlə bağlı bundan sonrakı proqnozları da ürəkaçandır: “Agentliyin proqnozuna əsasən, Mərkəzi Bank daxili və xarici borclamalara getməklə manatın stabilliyini növbəti dövrdə qoruyub saxlayacaq. Hökumət qənaət sisteminə keçəcək, xüsusən, büdcədən lazımsız xərclərin qənaət edilməsi yolu ilə dövlət xərcləri və dövlət gəlirlərinin balanslaşdırılmasına nail olacaq.
Mövcud vəziyyəti nəzərə alsaq, gələcək inkişaf tendensiyası üçün Azərbaycanın kredit reytinqi çox vacibdir. Bu, ölkədə fəaliyyət göstərən bankların, şirkətlərin borclanma faizinə təsir göstərir. Praktiki olaraq ölkəyə qoyulan investisiyalara təsir edir.
Bu, həm də ölkədən kənarda Azərbaycanın biznes mühitinə inamın artmasına imkan verir. Agentliyin bu qənaətə gəlməsinin əsas səbələrindən biri də neftin qiymətinin azalmasına rəğmən ölkədə ümumi daxili məhsulda 6 faiz artımın qeydə alınmasıdır".
“BBB-” səviyyəsində sabit reytinqi Azərbaycan iqtuisadiyatına inamın göstəricisi kimi dəyərləndirən müsahibimiz deyir ki, bu, Azərbaycanın xaricdəki şirkətlərinin gəlirlilik səviyyəsini də müsbət təsir altda saxlayacaq.
Naibə Qurbanova