Bakı Ali Neft Məktəbində (BANM) yeni tədris ilinin başlanması münasibətilə keçirilən təntənəli mərasimdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə çıxış edib və BANM-in professor-müəllim heyətinə və tələbələrinə təbrikini çatdırıb.
Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, M.Abbaszadə qeyd edib ki, BANM bu il 4-cü ildir ki fəaliyyət göstərir: "Biz I qrupa tələbələrin axınını, çoxalmasını müşahidə edirik. Bu il ən çox abituriyent I qrupa imtahan verib. BANM qəbulun bir çox göstəricilərinə görə ali təhsil müəssisələri arasında liderdir. TQDK-da 1994-cü ildən bu yana elmi-statistik təhlillər aparılıb, neft ixtisaslarına aid xüsusi statistik təhlillər aparmışıq. Orada göstərilir ki, məsələn, 1994-cü ildə 300-ə yaxın yer təqdim olunurdusa, o yerlərə 400-500 nəfər sənəd verirdi. İndi isə 30 mindən çox, ən çox 600 baldan yuxarı nəticə göstərən abituriyentlər məhz I qrupdadır. Birinci qrupda 690-700 bal arasında 25-dən çox abituriyent var idi. Bu onun göstəricisidir ki, abituriyentlərin arzuları var. Siz artıq arzunuza çatmısınız. Mən sizinlə fəxr edirəm”.