Ailə Məcəlləsinə nikaha girən cütlüklərdən tibbi arayışın tələb edilməsi ilə qanunda dəyişiklik edildikdən sonra cəmi 2 ay ərzində 34 min insan tibbi müayinədən keçib.
Bunu parlamentin Sosial siyasət komitəsinin Milli Məclisin qarşıdan gələn 2015-ci il payız sessiyası ilə bağlı bu gün keçirilən ilk iclasında komitə sədri Hadi Rəcəbli dilə gətirib. Onun sözlərinə görə, bu, özü böyük göstərici və uğurdur: “Ötən qısa müddət ərzində ortaya çıxan statistika göstərdi ki, bu, nə qədər vaxtında qəbul edilmiş dəyişiklikdir”.
Komitə sədrinin bildirdiyinə görə, tibbi müayinə nəticəsində nikaha daxil olmaq istəyən üst-üstə 3300 gəncin hər ikisinin ya talassemiya, ya da hemofiliya daşıyıcısı olduğu aşkarlanıb: “Eyni zamanda, 13 cütlükdə hər iki xəstəliyin elementləri, əlamətləri üzə çıxıb. Bu, onu göstərir ki, belə bir dəyişikliyin nə qədər böyük əhəmiyyəti var. Əgər arayış məsələsi tələb edilməsəydi və həmin insanlar tibbi müaiyəndən keçməsəydi, yenə də ağır fəsadlar yaşanacaq, həmin cütlüklərdən xəstə övladlar dünyaya gələcək və 18 yaşına çatandan sonra - ən yaxşı halda - həmin valideynlər övladlarını itirəcək, övlad acısı yaşayacadılar. Amma zamanında hər şey məlum olduqdan sonra bu fəsadların, ağrıların qarşısı alınmış oldu”.
Nemət