28 Noyabr 2015 23:02
305

Noyabrın 28-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

- Çox sağ olun, hörmətli Aleksandr Qriqoryeviç. Mən ilk növbədə Sizə qonaqpərvərliyinizə, məni Belarusa yenidən rəsmi səfərə dəvət etdiyinizə görə təşəkkür etmək istərdim. Sizin ölkənizdə olmağa həmişə şadam, burada özümü evimdəki kimi hiss edirəm.

Sizin qeyd etdiyiniz kimi, son illərdə ölkələrimiz arasında çox etimadlı münasibətlər səviyyəsi yaranıb, bu münasibətlər çox uğurla inkişaf edir. Bu gün biz Sizinlə nə işlər görüldüyünü və nə etməyi planlaşdırdığımızı müzakirə etdik. Lakin hər şeydən əvvəl, Sizi prezident seçkilərində inamlı qələbəniz münasibəti ilə ürəkdən təbrik etmək istərdim. Belarus xalqı Sizə bir daha yüksək etimad göstərdi və seçkilərin nəticələri, əslində Sizin ölkə rəhbəri vəzifəsində fəaliyyətinizin nəticəsidir.

Düşünürəm ki, bu gün mənim nümayəndə heyətimin üzvləri də Belarusun nə dərəcədə uğurla, dinamik, səmərəli inkişaf etməsini bir daha öz gözləri ilə gördülər. Minsk çox yaraşıqlı – qəşəng, rahat, təmiz şəhərə çevrilib. Əminəm ki, burada yaşamaq, işləmək xoşdur, buraya gəlmək xoşdur.

Ölkələrimiz arasında münasibətlər həqiqətən ən yüksək səviyyədədir. Siz tamamilə haqlısınız, biz buna nail olmaq üçün uzun yol keçmişik. Lakin 10 ildən bir qədər çox əvvəl başlanmış bu cür fəal əməkdaşlıq illərində, mənim fikrimcə, bir-birimizi müxtəlif vəziyyətlərdə artıq yetərincə sınamışıq. Münasibətlərimizin möhkəmliyini, etibarlılığını sınamışıq və heç vaxt bir-birimizi naümid qoymamışıq. Buna görə, biz bu gün bir-birimizə inanırıq və sənədlərin altındakı imzalarımız kimi, sözlərimiz də böyük sanbala malikdir.

Bu gün gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən sənədlər də imzalanacaq. Lakin əsas odur ki, biz bir sıra məsələlər barəsində razılığa gəlmişik. Biz sevinirik ki, Belarus uğurla inkişaf edir. Sizin qeyd etdiyiniz kimi, indi çətin zamandır. İqtisadi böhrana siyasi böhran, bir sıra ölkələrdə isə hərbi-siyasi böhran da əlavə olunur. Biz qarşıdurma dövründə yaşayırıq. Təbii ki, bu vəziyyət beynəlxalq məsələlərin həllinə yeni yanaşmalar tələb edir. Bax, bu cür şəraitdə Belarusda mövcud olan ictimai-siyasi sabitlik uğurun əsas göstəricisidir, habelə bu uğurun davam edəcəyinin rəhnidir. Biz, Sizin dostlarınız kimi, buna çox şadıq.

Belarus bizim üçün dost, qardaş dövlətdir. Əminəm ki, bu səfərdən sonra münasibətlərimiz daha sürətlə inkişaf edəcək.

Görüşdə elm, yüksək texnologiyalar, maşınqayırma sənayesi, beynəlxalq təşkilatlarda və digər sahələrdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olundu.


Müəllif: