Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Latviyanın rifah naziri Uldis Auqulisi qəbul edib.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında mütəmadi həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrin yaxşı göstəricisi olduğunu bildirib.
Bu səfərlərin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin həllinə töhfəsini verdiyini deyən dövlət başçısı bu baxımdan Latviyanın rifah naziri Uldis Auqulisin də ölkəmizə səfərinin səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu qeyd edib. Azərbaycanda əhalinin sosial müdafiəsinə göstərilən dövlət dəstəyindən danışan Prezident İlham Əliyev ölkəmizdə bu sahədə ən qabaqcıl standartların tətbiq edildiyini bildirib. Müvafiq fəaliyyət sahəsi üzrə qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılmasının əhəmiyyətinə toxunan dövlət başçısı iki ölkə arasında əməkdaşlığa dair yeni istiqamətlərin müzakirə olunmasının önəmini qeyd edib.
Azərbaycanın sosial müdafiə sahəsində qazandığı nailiyyətlərə toxunan Latviyanın rifah naziri Uldis Auqulis ölkəmizin müvafiq qurumları ilə birgə işləmək niyyətində olduqlarını bildirib. Hər iki ölkədə uğurla tətbiq olunan təcrübənin öyrənilməsinin vacibliyini xüsusi vurğulayan Latviyanın rifah naziri əhalinin sosial müdafiəsi sisteminin təkmilləşdirilməsinə nail olmaq üçün görülən işlər, əldə edilən uğurlar və qarşıya çıxan problemlərə dair müzakirələr aparılmasının əhəmiyyətini vurğulayıb.