3 Dekabr 2015 16:19
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda elə bir sistem yaradılmalıdır ki, Nardaranda baş verən hadisələr bir daha təkrar olmasın”. Bu fikirləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Məscidlərdə qanuni imamların fəaliyyət göstərməli olduğunu deyən M.Qurbanlı qeyd edib ki, məscidlərdə qanuni imamlar moizə oxumalıdırlar. Onun sözlərinə görə, bu gün Nardaranda kimlərsə qanunsuz moizə oxuyur: "Məscidi siyasət meydanına çevirənlər haqqında ölçü götürüləcək. Biz şeyxülislam Allahşükür Paşazadəyə bu barədə məlumat vermişik. Nardaranda yalnız bir məscid rəsmi qeydiyyatdan keçib. Nardaranda və başqa yerlərdə radikal cücərtilərin qarşısı alınmalıdır. Biz ənənəvi islamı qorumalıyıq. Ənənəvi islam peyğəmbərimizin sünnəsidir”.

M.Qurbanlı bildirib ki, dünyada 57 islam ölkəsi var. Ümumilikdə bu ölkələrdə 140 islam icması fəaliyyət göstərir. Bu islam ölkələrinin hər birində dövlət-din münasibətlərini tənzimləyən qaydalar var: "Hər birində də müvafiq qaydalara uyğun model mövcuddur. Bu ölkələrin 28-nin konstitusiyasında birbaşa islam ölkəsi olduğu təsbit olunur. Lakin bizim ölkəmiz digər ölkələr kimi dünyəviliyi öz konstitusiyasında təsbit edib. Bu, ümumxalq səsverməsi ilə müəyyən edilib. Ona görə də bizim ölkədə dövlət-din münasibətlərinin modeli dünyəvilik prinsipinə söykənir. Bu prinsip dinin dövlətdən ayrıldığını bəyan etsə də, millətin dinə himayədarlığını inkar etmir və dövlətin də dinə himayədarlğı hər yerdə açıq görünür".

Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün islam ölkələrində din adı altında, dindən sui-istifadə edərək öz siyasi məqsədlərinə, digər məqsədlərinə çatmaq istəyən qruplar meydana gəlib. Həmçinin böyük dövlətlər islam adı altında fəaliyyət göstərən qruplardan məharətlə istifadə edirlər: "Ona görə də indiki həssas məqamda öz ölkəmizdə dövlət-din münasibətləri istiqamətində ciddi addımlar atmalıyıq".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər