8 Dekabr 2015 16:17
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkimləri Azərbaycanda ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat apararaq mexaniki klapanı dəyişiblər.

ATUN-nun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu, dünyada üçüncü belə uğurlu əməliyyat olub.

Klinikanın baş həkimi, dosent Asiman Həsənov əməliyyatın böyük uğurla keçdiyini, bunun nəinki Azərbaycan, ümumiyyətlə bütün dünya üzrə böyük bir nəticə olduğunu bildirib. Çünki bundan əvvəl cəmi iki dəfə belə əməliyyat sayəsində həm ananın, həm də onun bətnindəki dölün həyat fəaliyyətini davam etdirməsi halına rast gəlinib: “Adətən klapan dəyişmə əməliyyatı özü kifayət qədər ciddi bir əməliyyatdır. Bundan əlavə, bu xəstəmizdə ikincili klapan dəyişmə əməliyyatı planlaşdırılırdı. Bu, işin ciddiyyətini daha da artırırdı. Xəstə qadının hamilə olduğunu, ana bətnində dölün olduğunu nəzərə alsaq, belə əməliyyatın həddən artıq məsuliyyətli olduğunu deyə bilərik. Çünki əməliyyat ana və dölün həyatı üçün riskli idi. Böyük fəxrlə qeyd etmək istərdim ki, dünyada üçüncü dəfə məhz biz hamilə qadında dölün həyat fəaliyyətini davam etdirməsi ilə belə uğurlu əməliyyatı icra etdik. Belə bir ilkə məhz Tədris Cərrahiyyə Klinikasında imza atıldığına görə qürur hissi keçiririk”.

Azərbaycan üçün bir ilk olan bu əməliyyatın gedişi haqqında Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, uzman həkim Mirəli Məcidov məlumat verib. Onun sözlərinə görə, 35 yaşlı qadın 3 il əvvəl aorta qapaq stenozu problemi ilə həkimlərə müraciət edib: “Pasientdə ürəyin aorta qapağının protezləşdirilməsi əməliyyatı icra edildi, mexaniki klapan yerləşdirildi. Əməliyyatdan sonrakı dönəmdə hansısa bir problem yaranmadı”.

Lakin əməliyyatdan sonra bu xanım hamilə qalmaq istəyib. Həkimlər buna etiraz edərək hamiləliyin həmin xanıma əks göstəriş olduğunu izah ediblər. Həmin xanıma dölün salamat qalması ehtimalının çox az olduğu izah edilib. Buna baxmayaraq, özü də həkim olan bu xanım hamiləliyə qərar verib.

Mirəli həkim bildirib ki, belə tip xəstələrin izlənməsi çox çətindir. Çünki xəstənin ürəyindəki mexaniki klapanın işləməsi üçün lazım olan dərmanlar uşağın inkişafı üçün zərərlidir. Bu dərmanların bəzilərinin əvəzedicisi isə dünyada yoxdur. Onları yalnız qismən əvəz edən dərmanlar var. Həkim qeyd edir ki, bu müddət ana ilə yanaşı həkimlər üçün çox önəmli və təhlükəlidir: “Hər an ananın ürəyindəki klapanın dayanması riski var və bu da xəstənin həyatı üçün çox önəmli bir riskdir. Bu 6 ay ərzində həm döl, həm ana nəzarət altına alındı, mütəmadi olaraq kardioqram çəkilirdi”.

Lakin 10 gün öncə xəstənin vəziyyətinin pisləşərkən dölün müayinəsi zamanı məlum olub ki, dölün həyat fəaliyyəti pozulmayıb. Amma anaya qoyulan mexaniki klapanın trombozlaşması aşkarlanıb. Mirəli Məcidov deyir ki, bu cür hallarda tək çıxış yolu xəstənin yenidən əməliyyat olunmasıdır: “Bu, çox ağır bir qərar idi. Həmin vaxt klinikanın aparıcı heyətindən ibarət komissiya yaradıldı. Konsilium zamanı xəstənin yaxınlarının da razılığı ilə əməliyyata qərar verildi. Burada əsas ananın həyatını qurtarmaq idi. Bu cür əməliyyatlarda ananın ürəyi dayandırılır, süni ürək damarlarına klapan qoşulur və xəstə soyudulur. Bu cür əməliyyatlarda dölü itirmək təhlükəsi çox böyükdür. Lakin əməliyyat uğurla keçdi - həm ananı, həm dölü qurtara bildik”.

Qeyd edək ki, əməliyyatda həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Seymur Musayev də iştirak edib. Onun sözlərinə görə, bu, çox çətin bir əməliyyat olsa da, həkimlərin səyi nəticəsində proses uğurla başa çatıb: “Hazırda ananın da, dölün də vəziyyəti yaxşıdır və onlar evə buraxılıblar. Ürəyi əməliyyat olunan xanım normal doğuş keçirə biləcək”.

Naibə QURBANOVA


Müəllif: